Atalığından şikayət edən azyaşlı sığınacağa yerləşdirilib

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi azyaşlı bacısı və anası ilə bağlı müraciəti gündəmə gətirən 12 yaşlı uşaqla bağlı məsələyə aydınlıq gətirib.
"Cebheinfo.az" xəbər verir ki, Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı məlumat əldə edilən kimi dərhal AQUPDK tərəfindən uşaqların yaşadığı Şəki Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya və Daxili İşlər Nazirliyi ilə əlaqə saxlanılıb:
“Uşaq hazırda müvəqqəti olaraq sığınacağa yerləşdirilib. Ona psixo-sosial yardım göstərilir. Eyni zamanda, ananın valideynlik hüquqları məsələsinə baxılması və baş verən cinayət işi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən istintaq tədbirləri həyata keçilir”.
Qeyd edilib ki, digər uşağın da hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət davam etdirilir. İstintaq tədbirlərinin yekunundan sonra, ictimaiyyətə aidiyyəti üzrə müvafiq məlumatlar veriləcək.
Qeyd edək ki, ötən gün sosial şəbəkədə 12 yaşlı qızın 7 yaşlı bacısı və anası ilə bağlı müraciəti yayılıb. 12 yaşlı qız müraciətində “7 yaşlı bacımı anamın əlindən alın, mənə atalığımın yaşatdığını anamla bacıma da yaşadacaq”,- deyib.
"Cebheinfo.az"