Kişi müəllimlər üçün daha aşağı bal və daha yüksək maaş OLACAQ?

Son illər təhsil sahəsində ən aktual mövzulardan biri kişi müəllimlərinin sayının azlığı ilə bağlıdır.
Qeyd edək ki, 2024-2025-ci tədris ilində ümumi təhsil müəssisələrində çalışan kişi müəllimlərinin sayı 19 930 olub. Onlardan 1781 nəfəri ibtidai sinif müəllimidir. Ancaq təhsil sektorunda çalışan qadınların sayı kişilərdən daha çoxdur.
Belə ki, ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80 %-dən çoxu, orta ixtisas təhsil müəssisələrində 80 %-ə və ali təhsil müəssisələrində 60 %-ə qədəri qadınlardır. Kişi müəllimlərin sayının azlıq təşkil etməsinin səbəbinə gəldikdə isə onlar bunu əsasən maaş azlığı ilə əlaqələndirirlər.
Bu da faktdır ki, son illər sertifikasiya prosesi nəticəsində əməkhaqqı ilə bağlı artım tətbiq olunur. Ancaq bu artım da kişi müəllimlərin məktəbdə çalışmasına marağı artırmır. Bu problemlə bağlı ekspertlər müxtəlif təkliflərlə çıxş edirlər.
Təhsil üzrə ekspert Kamran Əsədov bildirib ki, orta məktəblərdə kişi müəllimlərin sayı kəskin şəkildə azalıb:
“Bu, təkcə gender balansı deyil, sosial və psixoloji mühitin formalaşmasına ciddi təsir edən məsələdir. Bəs necə düşünürsünüz: bir neçə il ərzində müəllimlərin işə qəbulu imtahanında (MİQ) baldan asılı olmayaraq, yalnız kişi müəllimlərin işə qəbulu tətbiq edilməlidirmi? Əlbəttə, fərqli maaş siyasəti ilə birgə”.
Maraqlıdır ki, əgər MİQ imtahanlarında yalnız kişiləRə üstünlük verilsə belə, onlar həmin imtahanda iştirak etmək istəyəcəklərmi? Eyni zamanda, bu, gender bərabərliyinin pozulması olar. Bəlkə də bu istiqamətdə seçimə daha erkən başlamaq lazımdır. Məsələn, ali məktəbə qəbul imtahanında pedoqoji ixtisaslarda oğlanlara daha az balla qəbul imkanı yaradılması mmükündür.
Ümumiyyətlə, məktəblərdə kişi müəllimlərin sayının artırmaq üçün hansı təkliflərə baxmaq olar? Məsələ ilə bağlı Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli “Cebheinfo.az”-a bildirib ki, məktəblərdə kişi müəllimlərinin sayının azlığı təkcə statistik yox, həm də sosial-mədəni və pedaqoji baxımdan dərin təhlil tələb edən bir problemdir:
“Son illər bu məsələ cəmiyyətdə getdikcə daha çox müzakirə olunur və ictimai narahatlıq doğurur. Məlumdur ki, ibtidai siniflərdən tutmuş yuxarı siniflərədək məktəb mühitində kişi müəllimlərinin çatışmazlığı şagirdlərin davranış modellərinə, sosiallaşmasına və gender baxımından balanslı tərbiyə almalarına birbaşa təsir göstərir.
Kişi müəllim obrazı bir çox hallarda şagirdlərin şəxsi inkişafında, məsuliyyət, nizam-intizam, sosial rol bölgüsü və ailə modeli ilə bağlı dünyagörüşünün formalaşmasında önəmli yer tutur. Bununla belə, bu problemi yalnız bir təbəqənin – kişi müəllimlərin imtahansız şəkildə işə qəbul edilməsi ilə həll etmək nə hüquqi baxımdan mümkündür, nə də etik və pedaqoji baxımdan doğru yanaşmadır.
Təhsil sistemində istənilən seçim – istər qadın, istər kişi müəllim olsun – şəffaf meyarlara və obyektiv seçim mexanizmlərinə əsaslanmalıdır. Təhsildə keyfiyyət əsas prioritetlərdən biridir və bu keyfiyyətin təminatçısı müəllimin peşəkarlığıdır.
Əgər yalnız cinsiyyətə əsaslanaraq müəllimlərin işə qəbulu həyata keçirilərsə, bu, istedadlı və fədakar qadın müəllimlərin hüquqlarının pozulmasına səbəb olar, eyni zamanda təhsildə rəqabət mühitinə zərər vura bilər. Unutmamalıyıq ki, gender kvotalarına deyil, keyfiyyət meyarlarına əsaslanan sistem daha davamlı və ədalətlidir”.
Ekspertin sözlərinə görə, əgər kişi müəllimlərin çatışmazlığının aradan qaldırılması məqsədi güdülürsə, bunun üçün daha kompleks və sistemli yanaşmalara ehtiyac var:
“İlk növbədə, kişi abituriyentlər arasında müəllimlik peşəsinə marağın artırılması üçün ictimai maarifləndirmə və nüfuzlu kampaniyalar həyata keçirilməlidir. Kişi müəllim obrazı mediada, filmlərdə və ictimai müzakirələrdə daha müsbət, cəlbedici şəkildə təqdim olunmalıdır.
Bununla yanaşı, müəllimlik ixtisaslarını seçən kişi tələbələr üçün xüsusi təqaüd proqramları, əlavə sosial imtiyazlar və dəstək mexanizmləri tətbiq edilə bilər. Ali təhsil müəssisələrində pedaqoji yönümlü ixtisaslara qəbul zamanı müəyyən güzəştlər və stimullar tətbiq olunması da müzakirəyə açıq təklif kimi gündəmə gətirilə bilər.
Digər vacib istiqamət əmək bazarının şəffaflaşdırılması və müəllim əməyinin sosial təminat səviyyəsinin artırılmasıdır. Gənc kişi mütəxəssislər daha çox sabit gəlir, sosial status və inkişaf imkanları axtarırlar. Bu baxımdan, müəllimlik peşəsi cəlbedici olmadıqca, yalnız təşviqlə və ya inzibati müdaxilələrlə kişi müəllim sayını artırmaq çətin olacaq.
Eyni zamanda, kişi müəllimlərin peşəkar inkişafına xüsusi dəstək proqramları ayrılmalı, onların məktəb rəhbərliyində və təhsilin idarə olunmasında daha fəal təmsil olunmasına şərait yaradılmalıdır. Nəticə etibarilə, kişi müəllimlərin sayının artırılması əhəmiyyətlidir, amma bu, təhsilin əsas prinsipləri olan bərabərlik, şəffaflıq və keyfiyyət meyarlarına zidd olmadan həll edilməlidir.
Qısa və sadə cavab vermək əvəzinə kompleks yanaşma ilə sistemli islahatlar təklif edilməli və həyata keçirilməlidir. Təhsildə heç bir problem tək bir ölçü və tədbirlə həll edilə bilməz. Bu məsələ də məhz uzunmüddətli strateji baxış və davamlı siyasət tələb edir”.
Nigar Abdullayeva
“Cebheinfo.az”