"Crocus"da terror: İş hərbi məhkəmədə

"Crocus"da terror aktı ilə bağlı cinayət işi Moskva hərbi məhkəməsinə təqdim olunub [Emilya Tağıyeva] 08 iyul 2025, 16:57 Gözləmədə Dünya Crocus City Hall-da terror aktı Crocus City Hall
Rusiyanın Moskva vilayətində "Crocus City Hall" konsert zalında törədilmiş terror aktı ilə bağlı 19 nəfər barəsində açılmış cinayət işi İkinci Qərb Dairə Hərbi Məhkəməsinə təqdim olunub.
Oxu.Az-ın TASS-a istinadla verdiyi məlumata görə, bu barədə Məhkəmənin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, iş üzrə bütün prosessual məsələlər bir ay ərzində həll olunmalıdır. İşə üç hakimdən ibarət məhkəmə heyəti baxacaq.
Cinayət işinin materialları 450 cildi əhatə edir və buraya hadisə ilə bağlı toplanmış maddi sübutlar, həmçinin çoxsaylı məhkəmə-tibbi ekspertizaların nəticələri daxildir. Məhkəmə prosesinin harada keçiriləcəyi hələ müəyyənləşdirilməyib. Qeyd olunur ki, məhkəmənin əsas binasında kifayət qədər yer olmadığından digər məkanlara baxılır. Eyni zamanda, prosesin ictimaiyyət və media üçün açıq və ya qapalı keçirilməsi məsələsinə də yaxın günlərdə qərar veriləcək.
İttiham olunan şəxslər sırasında həm terror aktını bilavasitə törədənlər, həm də onlara yardım edənlər yer alır. İttiham olunan bütün şəxslər Rusiyanın terrorçular siyahısına daxil edilib.
Rusiya Baş Prokurorluğunun yaydığı məlumata əsasən, hadisənin təşkilatçıları - hazırda axtarışda olan iki Tacikistan vətəndaşı və digər naməlum şəxslər İŞİD terror təşkilatının tərkibində fəaliyyət göstərən "Vilayəti Xorasan" qrupunun üç hücrəsini Rusiya ərazisində yaradaraq, Tacikistan vətəndaşlarını terror aktı törətməyə yönləndiriblər.
Xatırladaq ki, 2024-cü il martın 22-də Krasnoqorskda yerləşən "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Əlisilahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Son məlumatlara görə, terrorda 609 nəfər yaralanıb, 149 nəfər həlak olub. Terrorçular tezliklə ələ keçiblər.
"Cebheinfo.az"