Daha bir ölkə AVROYA KEÇİR

Bolqarıstan milli valyutası olan levdən avroya keçməsi üçün Avropa İttifaqının maliyyə nazirləri bir araya gələcək.
"Cebheinfo.az" xəbər verir ki, Avropa İttifaqı (Aİ) maliyyə nazirləri çərşənbə axşamı keçirəcəkləri iclasda Bolqarıstanın avroya keçid prosesinə rəsmi təsdiq verməyə hazırlaşır.
Bu addım 2025-ci ildən etibarən Bolqarıstanın avrozonanın 21-ci üzvü olmasının yolunu açacaq.
Bolqarıstan 2007-ci ildə Aİ-yə üzv olduqdan sonra ortaq pul vahidini qəbul etməyi strateji hədəf kimi müəyyən etmişdi.
Təxminən 20 il davam edən texniki və siyasi hazırlıqlardan sonra ölkə bu hədəfə çatmaq üçün son mərhələyə girir.
Avropa Mərkəzi Bankının prezidenti Kristina Laqard avroya keçidin qlobal səviyyədə pul vahidinin nüfuzunu artıracağını bildirib.
Onun sözlərinə görə, ABŞ-nin ticarət siyasətinin dollar üzərindəki mənfi təsirləri fonunda avro beynəlxalq etibarlılığını artırmaq üçün fürsət əldə edir.
Avropa Mərkəzi Bankı və Avropa Komissiyası ötən ay apardıqları qiymətləndirmədə Balkan ölkəsinin avroya keçmək üçün lazım olan bütün iqtisadi meyarlara cavab verdiyini açıqlayıb.
Prosesin növbəti mərhələsində Avropa Parlamentinin təsdiqi gözlənilir. Daha sonra isə yekun qərarı Aİ maliyyə nazirləri verəcək.
Nigar Hacılı
"Cebheinfo.az"