Moldova portalı bu ölkənin Azərbaycanla əlaqələrindən yazıb

Moldova portalı bu ölkənin Azərbaycanla əlaqələrindən yazıb

Azərbaycan və Moldova müstəqillik əldə etdikdən sonra ənənəvi dostluq və konstruktiv münasibətləri qoruyub saxlayır.

Liderlər arasında etibarlı dialoq siyasət, iqtisadiyyat və humanitar sahələrdə əməkdaşlığı gücləndirməyə kömək edir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri 28 May - Müstəqillik Günü ilə əlaqədar Moldovanın “noi.md” saytına müsahibəsində Azərbaycanın bu ölkədəki səfiri Ülvi Baxşəliyev söyləyib.

Diplomat qeyd edib ki, beynəlxalq təşkilatlar çoxtərəfli əməkdaşlıq üçün mühüm platformadır. Azərbaycan və Moldova beynəlxalq strukturların işində fəal iştirak edir və səmərəli əməkdaşlıq nümayiş etdirir.

“Ölkələrimiz müxtəlif strukturlara, qurumlara namizədlərin irəli sürülməsində də bir-birini dəstəkləyir. Əsas beynəlxalq məsələlər üzrə mövqelərimizin ardıcıllığı yanaşmaların oxşarlığına və qarşılıqlı hörmətə dəlalət edir”, - deyə Ülvi Baxşəliyev vurğulayıb.

İqtisadi əlaqələrin dərinləşdirilməsinin əsas prioritetlərdən biri olduğunu bildirən səfir qeyd edib ki, Hökumətlərarası Komissiyanın bir müddət əvvəl keçirilən iclası və bu ilin aprelində təşkil olunan biznes-forum məhz yeni inkişaf istiqamətlərinin müəyyənləşdirilməsinə yönəlib. Qarşılıqlı maraq göz qabağındadır və məqsədyönlü səylərlə Azərbaycan və Moldova ciddi irəliləyişə nail ola bilər.

"Cebheinfo.az"