Agentliyin dəstəyi ilə regionda sığınacağın davamlılığı təmin edilir

Agentliyin dəstəyi ilə regionda sığınacağın davamlılığı təmin edilir

“Təmas” Regional İnkişaf İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Bölgədə məişət zorakılığı və insan alverinə qarşı mübarizə tədbirlərlərinin təşkili" layihəsinin icrasına başlayıb.  

"Cebheinfo.az" QHT.az-a istinadən xəbər verir ki, layihənin əsas məqsədi insan alveri və məişət zorakılığının qarşısını almaq, risk qrupunda olan qadın və uşaqların müdafiəsini təmin etmək və gənc nəslin  bu mövzularda məlumatlılığını artırmaqdır.

Layihə rəhbəri Kubra Ələkbərova bildirib ki, həyata keçirilən yeni layihə Qərb bölgəsində fəaliyyət göstərən məişət zorakılığı və insan alveri cinayətlərindən zərərçəkmiş qadın və uşaqlara dəstək göstərən yeganə Mərkəz- sığınacağın  davamlı fəaliyyəti təmin olunmsına yönəlib. Layihə çərçivəsində sığınacaq sakinlərinin gündəlik ərzaqla təmin edilməsi, ilkin ehtiyaclarının qarşılanması və onlara psixo-sosial dəstək xidmətlərinin göstərilməsi nəzərdə tutulur. Qurbanların effektiv reabilitasiyası və cəmiyyətə reinteqrasiyası istiqamətində mütəmadi fəaliyyətlər həyata keçiriləcək. Sığınacaqda yaşayan uşaqların təhsilə davamiyyətinə xüsusi diqqət ayrılacaq, onların qidalanmasına və asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif sosial və yaradıcı fəaliyyətlərə – dərnəklərə və kurslara cəlb olunmalarına şərait yaradılacaq.

Qadınların məşğulluğunun təmin olunması, iqtisadi müstəqilliklərinin artırılması, özünəinam və özgüvən hisslərinin gücləndirilməsi, həmçinin bilik və bacarıqlarını üzə çıxarmaq üçün onlara fərdi dəstək göstəriləcək. Layihə çərçivəsində həmçinin ictimai maarifləndirmə tədbirləri həyata keçiriləcək. Bu məqsədlə regionun dörd  orta və ali təhsil müəssisəsində məişət zorakılığı və insan alveri ilə bağlı maarifləndirici seminarların təşkili planlaşdırılır.

Layhə 5 ay ərzində həyata keçiriləcəkdir.

"Cebheinfo.az"