“50 manata görə müraciət edən son adam “Lukoil”in filial müdiri idi”

“50 manata görə müraciət edən son adam “Lukoil”in filial müdiri idi”

Yutuber Nail Kəmərlinin çəkiliş üçün narkoman axtarması elanı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

“Qafqazinfo” xəbər verir ki, çəkilişə razılıq verəcək narkomanlara pul mükafatı və hədiyyələrin vəd edilməsi maraqla qarşılanıb.

Bir çoxları həmin şəxslərə veriləcək 50 manat pulun onlar tərəfindən yenidən narkotik vasitə alışına sərf ediləcəyini bildirib.

Nail Kəmərli isə məsələ ilə bağlı saytımıza açıqlamasında pulu narkomanlara qida və geyim alınması niyyətilə verdiklərini söyləyib: “Mən real həyat hekayələri əsasında maarifləndirici videolar çəkirəm və bununla bağlı sosial şəbəkə səhifələrimdə elanlar verirəm. Çəkilişdən sonra həmin şəxslərə 50 manat qonorar və ya hədiyyələr verilir. Bəzən narkomanlar günlərlə, aylarla yemək yemirlər, geyimləri çox köhnə və çirkli olur. Əllərinə pul düşən kimi narkotik vasitələrə verirlər. 50 manatı onlara o məqsədlə verirəm ki, gedib özlərinə geyim və ya qida alsınlar. Amma pulu nəyə sərf etdiklərini mən bilə bilmirəm, buna özləri qərar verir. Paylaşdığım elanlarla bağlı çoxlu müraciətlər olur. Təbii ki, hər müraciət edən şəxsi deyil, öz real həkayəsini danışanları seçirik və çəkiliş edirik. Məqsədimiz də odur ki, gənclərimiz narkotikin mənfi nəticələrini görsünlər və bu yoldan çəkinsinlər.

N.Kəmərli əlavə edib ki, 50 manat mükafata görə son müraciət etmiş şəxs “Lukoil” şirkətinin əvvəllər filial müdiri olan və hazırda narkotik asılılığından əziyyət çəkən şəxs olub: “Çox təsirli bir həyat hekayəsidir və insanlarımız bunları görüb narkotik vasitələrdən uzaq durmalıdır”.

"Cebheinfo.az"