Doğma insanlarla doğma məktəbdə... - FOTOLAR

İnsan həyatı əslində yadda qalan anlardan və günlərdən ibarətdir, deyirlər.
Doğma və unudulmaz Xaldan kənd kompleks tam orta məktəbində olmaq, 33 illik zaman ayrılığından sonra doğma məkanda doğma insanlarla görüşmək hər birimiz üçün xoş oldu. Sinfimizdə - riyaziyyat müəllimimiz Almaz xanımın sinfində hərə öz yerində əyləşdi. Kim öz yerini unutmuşdusa, Almaz müəllim hər kəsin yerini dəqiqliklə xatırlatdı. Artıq təqaüddə olsa da, daha bir DƏRS keçdi bizə, unutmamaq dərsi...
Əslində Xaldan məktəbində hər dərsi ayrı-ayrı fənn kabinetində keçdiyimiz üçün bəzən fənnə görə yerlərimiz dəyişirdi. Ancaq dəyişməyən müəllim məsuliyyətini və sevgisini, öyrətmək və öyrənmək həvəsini, bütün resurslardan istifadə imkanlarını, sözün həqiqi mənasında uşaqları həyata hazırlamaq qayəsini, keçmiş sovetlər çərçivəsindən kənar səmimi müəllim-şagird münasibətlərini də unutmamışıq, unuda bilmərik.
Tarix müəllimimiz Nailə xanım da özünəməxsus təmkini və müdrikliyi ilə ötən zamanın və tarixin insanın qazandığı uğurlarla dəyərli olduğunu incə şəkildə anlatdı şagirdlərinə.Zamanında dünyaca məşhur olan, "MƏKTƏBLƏR MƏKTƏBİ" kimi qəbul edilən Xaldan məktəbinin bugünkü durumu, əsaslı təmir və yenidənqurmadan sonrakı həyatı da olduqca ürəkaçandır.
Məktəb direktoru Günel xanım da uğurlu rəhbərliyi, liderlik keyfiyyəti və yüksək təşkilatçılıq səriştəsi ilə diqqət çəkir. Bütün bunlar Xaldan məktəbini doğma övladı qədər sevən, bu təhsil ocağını öz əlləri və fitrətindəki müəllimlik sevgisi ilə qurub-yaratmış Əməkdar müəllim Zahid Şöyübovun da ruhunun şad olduğuna əminlik yaratdı hər birimizdə.
Xaldan məktəbinin yenə öncüllərdən olduğunu - bu il lX siniflərin buraxılış nəticələrinə görə Yevlax rayonunda ilk üçlükdə qərarlaşdığını, rayon üzrə ən yüksək nəticəni də Xaldan məktəblisinin göstərdiyini eşitmək xoş oldu hər birimizə. Məhz belə məktəblərin və pedaqoji kollektivlərin əməyi sayəsində təhsilin ictimai dəyəri artır, müəllim nüfuzu yüksəlir, məktəb və icma arasındakı etimad mühiti möhkəmlənir.
Saatlarla bir yerdə olsaq da, bu müddət bir 45 dəqiqə kimi keçdi, nə söhbətlər bitdi, nə də xoş və unudulmaz xatirələr. Bütün müəllimlərimizi, dostlarımızı xatırladıq, dərslərdəki yaddaqalan məqamlardan, sözün bütün mənalarında aldığımız dərslərdən danışdıq. Düşünürəm ki, doğma məktəbimizdən, doğma müəllimlərimizdən, əziz dostlarımızdan daha bir dərs aldıq, ruhən saflaşdıq, durulduq, yenidən keçmişə və gələcəyə fərqli gözlə baxmağı öyrəndik. Növbəti dərslərdə görüşmək ümidi ilə...
B.Məmmədov
"Cebheinfo.az"