7 yaşlı uşaq Trampı məhkəməyə verdi - SƏBƏB

ABŞ Prezidenti Donald Trampın imzaladığı üç prezident fərmanı ölkədə tənqid hədəfinə çevrilib.
"Cebheinfo.az" xəbər verir ki, Montanada yaşayan 7-25 yaş arası 22 nəfər Tramp və onun komandasını məhkəməyə verib.
Onlar hesab edirlər ki, bu qərarlar onların sağlamlığına və gələcəyinə ciddi təhdid yaradır.Xatırladaq ki, Tramp prezident vəzifəsinə başlayar-başlamaz ilk işi ABŞ-də “Milli enerji fövqəladə halı” elan etmək olub.
Bu qərarın əsas məqsədi ölkədə artıq kifayət qədər böyük həcmdə olan fosil yanacaq (neft, qaz və kömür) istehsalını daha da artırmaqdır. Ağ Ev bunu artan enerji qiymətləri və gələcək texnoloji tələblərlə izah edir.
Amma Trampın imzaladığı bu fərmanlar ətraf mühit və iqlim dəyişikliyi ilə bağlı ciddi narahatlıq yaradıb.
Məhz buna görə də Montanadakı gənclər bu qərarların qarşısını almaq üçün hüquqi yolla mübarizə aparmaq qərarına gəliblər.
"The Hill" qəzetinin məlumatına görə, gənclər “Milli enerji fövqəladə halı” çərçivəsində imzalanan üç fərmanın ABŞ Konstitusiyasına zidd olduğunu bildirərək məhkəmə iddiası qaldırıblar.
Onlar deyirlər ki, bu qərarlar qlobal istiləşməni daha da sürətləndirəcək. Dava qaldırılan qurumlar arasında ABŞ Enerji Nazirliyi, Nəqliyyat Nazirliyi, Ətraf Mühitin Mühafizəsi Agentliyi (EPA) və ABŞ Aeronavtika və Kosmos İdarəsi də var.
İddiaçılardan Eva Laythayzer deyib:
“Trampın fosil (təbii qaz, neft və daş kömür) yanacaqla bağlı qərarları mənim nəslim üçün ölüm hökmüdür. Mən istədiyim üçün yox, məcbur olduğum üçün bu addımı atıram. Sağlamlığım, gələcəyim və həqiqəti demək haqqım təhlükədədir. Tramp fosil yanacaqları bir silaha çevirərək bizə qarşı savaş açıb. Biz isə buna Konstitusiya ilə cavab veririk”.
Gənclər bildirirlər ki, bu mübarizə təkcə onlar üçün deyil, gələcək nəsillər üçün də aparılır.
Onların məqsədi hökumətin məsuliyyət daşıdığını göstərmək və iqlim dəyişikliyi ilə bağlı daha ədalətli siyasətə nail olmaqdır.
Səbinə Uğur
"Cebheinfo.az"