Azərbaycanda 2 754 qanunsuz miqrant saxlanılıb

Cari ilin ilk 4 ayı ərzində miqrasiya qanunvericiliyinin pozulması ilə bağlı Dövlət Miqrasiya Xidməti tərəfindən ümumilikdə 6 228 inzibati qərar qəbul edilib.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidməti məlumat verib.
"Dövlət Miqrasiya Xidməti tərəfindən cari ilin ilk 4 ayı ərzində qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı ümumilikdə 2 754 əcnəbi saxlanılıb. Onların ölkə ərazisində olma və yaşama hüququ verən sənədlər olmadan (qanunsuz) yaşaması, ölkəyə gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyətlə məşğul olması, qanunsuz əmək fəaliyyətinə cəlb edilməsi və ya qeydiyyat ünvanı üzrə yaşamadığı müəyyənləşdirilib. 668 əcnəbi Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarılıb və ölkəyə girişləri qanunla müəyyən edilmiş müddətə məhdudlaşdırılıb", - məlumatda bildirilib.
"Cebheinfo.az"