Azərbaycanın sülh üçün qeyd-şərtsiz TƏLƏBİ

Azərbaycan Prezidenti İlham Əliyevin Macarıstanın Baş naziri Viktor Orbanla keçirdiyi birgə mətbuat konfransında səsləndirdiyi fikirlər Cənubi Qafqazda sülh gündəliyinin real konturlarını bir daha ortaya qoydu.
Prezidentin sözlərinə görə, Ermənistanla sülh müqaviləsinin imzalanması üçün iki əsas şərt var: Ermənistan Konstitusiyasını dəyişməli və ATƏT-in Minsk qrupunun fəaliyyətinə birdəfəlik son qoyulmalıdır:
“İkinci Qarabağ müharibəsindən sonra sülh danışıqlarının təşəbbüskarı Azərbaycan olub. Sülh müqaviləsinin mətninin müəllifi də biz olmuşuq və məhz bu mətn bu gün Ermənistan tərəfindən qəbul edilib, təbii ki, müəyyən düzəlişlərlə. Amma prinsip etibarilə bizim təklif etdiyimiz məsələ bu gün artıq Ermənistan tərəfindən qəbul edilib. Qaldı ki, sülh müqaviləsinin bağlanmasına, burada iki əsas şərt var. Birincisi, Ermənistan konstitusiyasında bu günə qədər Azərbaycana qarşı ərazi iddiası vardır.
Bu, dəyişdirilməlidir. İkincisi isə Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış ATƏT-in Minsk qrupu ləğv edilməlidir. Bu, artıq de-fakto fəaliyyət göstərmir, de-yure bunun ləğvi zəruridir. Əfsuslar olsun ki, Ermənistan tərəfi hələ ki, bu iki şərtimizi qəbul etmək istəmir. Ancaq son illərin hadisələri və proseslərin gedişatı onu göstərir ki, gec-tez onlar bizim təklifimizlə razılaşmağa məcbur olacaqlar. Çünki bu təkliflərdə qeyri-adi heç bir məsələ yoxdur”,
Bu bəyanat Azərbaycanın sülhə yanaşmasının konkret və dəyişməz prinsiplərə əsaslandığını göstərir. Mövzu ilə bağlı fikirlərini bildirən azərbaycanlı ekspertlər isə hesab edirlər ki, bu tələblər regionda davamlı sabitliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Mövzu ilə bağlı "Cümhuriyət"-ə açıqlama verən millət vəkili, siyasi elmlər doktoru Hikmət Babaoğlu bildirib ki, ATƏT-in Minsk qrupunun hələ də formal şəkildə mövcudluğu sülh prosesinin önündə ciddi maneədir:
"Bu strukturun ləğvi sülhə gedən yolu açar, çünki artıq onun varlığı münaqişənin hələ də davam etdiyi görüntüsünü yaradır. Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanda bir daha vurğuladı ki, Ermənistanla sülh sazişinin əsas məqamları razılaşdırılıb və bu təşəbbüs Azərbaycanın irəli sürdüyü layihə əsasında baş tutub. Burada təşəbbüskar tərəf Azərbaycandır, qarşı tərəf, yəni bu şərtləri qəbul edən işğalçı Ermənistandır. Əgər Ermənistan Azərbaycanın irəli sürdüyü sülh layihəsini qəbul edirsə və sülh müddəalarına razılıq verirsə, bu, o deməkdir ki, artıq münaqişə bitmiş sayılır”.
Deputat bildirib ki, Ermənistan da bu layihəni müəyyən dəyişikliklərlə qəbul edib:
“Belə olan halda sülh təşəbbüskarının Azərbaycan, qəbul edənin isə Ermənistan olduğu açıq şəkildə görünür. Əgər tərəflər razılaşırsa və sülh müqaviləsi imzalanırsa, artıq münaqişəni tənzimləmək məqsədi ilə yaradılmış bir mexanizm – ATƏT-in Minsk qrupu öz funksiyasını itirir.
Onun formal şəkildə mövcudluğu gələcəkdə tərəflər üzərində təzyiq mexanizminə çevrilə, hətta sülh müqaviləsinin hüquqi legitimliyini sual altına ala bilər. Xüsusilə də bu strukturun BMT mandatı ilə fəaliyyət göstərməsi və 26 ölkəni əhatə etməsi fonunda onun saxlanılması beynəlxalq hüquq və siyasi baxımdan ziddiyyətli vəziyyət yaradır. Ona görə də Minsk qrupunun ləğvi sülh üçün real imkanlar açar və regionda sabitliyin möhkəmlənməsinə xidmət edər”.
Səbinə Uğur
“Cebheinfo.az”