Hikmət Hacıyevin Tehran səfəri: Regional sabitlik və əməkdaşlıq imkanları

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İrana səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirib.
Hikmət Hacıyev bu barədə “X” hesabında paylaşım edib :
“Tehran Dialoq Forumunda “təkbətək” formatında çıxış etməkdən və Prezident Məsud Pezeşkianın Azərbaycana səfəri çərçivəsində yeni qlobal nizam, regional məsuliyyət və inklüzivlik, Azərbaycan-İran ikitərəfli əməkdaşlığının daha da möhkəmləndirilməsi, keyfiyyətcə yeni səviyyəyə qaldırılması, Cənubi Qafqaz regionunda sülhün və sabitliyin möhkəmləndirilməsi barədə danışmaqdan məmnunam”.
Hikmət Hacıyev İran Prezident Administrasiyasının siyasi şöbəsinin müdir müavini Mehdi Sənai ilə görüşü barədə yazıb:
“Həmkarım Mehdi Sənai ilə və İranın Milli Təhlükəsizlik Şurasının katibi Dr. Əkbər Əhmədianla İran Prezidentinin Azərbaycana səfərinin davamı olaraq ölkələrimiz arasında ikitərəfli dostluq əlaqələrinin hazırkı vəziyyətini və gələcək inkişaf perspektivlərini nəzərdən keçirdik”,-deyə dövlət başçısının köməkçisi bildirib.
Yüksəksəviyyəli görüşlər və aparılan müzakirələr, Hikmət Hacıyevin fikirləri onu bir daha təsdiqləyir ki, Azərbaycan tərəfi qonşuluq prinsipləri və İranla əlaqələrin inkişafında maraqlıdır. Regional sabitliyin qorunması və dövlətlər arasındakı münasibətlərin daha da dərinləşməsi, müxtəlif istiqamətlər üzrə əlaqələrin genişləndirilməsi dövlətimizin priroitet məsələlərindən biridir. İran Prezidentinin səfərindən sonra bu əlaqələrin daha da dərinləşməsi gözləniləndir.
Lakin Tehranda aparılan müzakirələrdə Ermənistan Dövlət Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın İrana səfəri də diqqəti cəlb edib. Ermənistan nümayəndəsinin Tehrana səfəri rəsmi şəkildə Dialoq Forumunda iştirak etmək məqsədi daşıyıb.
Amma İranın son vaxtlar Azərbaycanla və Ermənistanla artan siyasi təmasları fonunda bu görüşlərin sadəcə protokol xatirinə keçirildiyini söyləmək olmaz. Sözügedən görüşlər daha çox İranın Cənubi Qafqazdan keçən nəqliyyat-tranzit layihələrinə qoşulmaq istiqamətində səylərinin artması kontekstində də baxıla bilər.
Aprelin 23-də Azərbaycan Prezidentinin Çinə səfərindən sonra rəsmi Pekinin həm “Orta dəhliz”ə, həm də Şimal-Cənub nəqliyyat dəhlizinə marağının artması bölgədə yeni geoiqtisadi konfiqurasiyanın yaranmasına təkan verə bilər. Bu baxımdan, hər iki nəqliyyat-tranzit şəbəkəsinin qovşağında yerləşən Azərbaycan İran üçün getdikcə daha ciddi əhəmiyyət kəsb etməyə baaşlayıb.
İran Prezidenti Məsud Pezeşkianın aprelin 28-də Azərbaycana səfəri tərəflər arasında 2020-ci ildən bəri davam edən geosiyasi gərginliyin aradan qalxması və Tehranın daha çox regional iqtisadi layihələrə üstünlük verdiyini göstərdi.
Azərbaycanla Çin arasında əldə edilmiş razılaşmalar Zəngəzur dəhlizinin açılması üçün yeni əlverişli konyuktur yaradır. İran Zəngəzur dəhlizi məsələsində mövqeyini dəyişməsə də, Avropa və Çin arasında fəal yükdaşımaların həyata keçirilməsi prosesindən də kənarda qalmaq istəmir.
Çin mərkəzli beynəlxalq geosiyasi qütbün əsas üzvlərindən olan İran Pekinin Cənubi Qafqazdakı maraqlarına qarşı çıxa bilməz. Ona görə də Tehran daha çox daşımaların İran ərazisi ilə həyata keçirilməsi variantına üstünlük verir.
Söhbət Çindən və Avropadan Azərbaycan ərazisinə daxil olan yüklərin “Araz dəhlizi” ilə ötürülməsindən gedir. Bu halda İran “Orta dəhliz”in vacib tranzit hissələrindən birinə çevrilmək imkanı qazanır.
Rəsmi Tehran qeyd edilən layihənin reallaşmasına özlüyündə həm də Zəngəzur dəhlizinin qarşısını almaq vasitəsi kimi baxır.
Yəni, İran bir tərəfdən beynəlxalq tranzit şəbəkəsinə qoşulmaqla gəlir əldə etməyə, digər tərəfdən Türkiyə və Azərbaycan arasında birbaşa quru əlaqəsinin yaranmasını əngəlləyəcəyinə ümid edir. Son vaxtlar İran və Ermənistan arasında aparılan qapalı danışıqlar və bu istiqamətdə ortaya çıxan məlumatlar Tehranın “Orta dəhliz”lə bağlı alternativ planlarının olduğunu göstərir. Məqsəd Azərbaycanı “Orta dəhliz”dən kənarda saxlamaq, Ermənistanı daha etibarlı tərəfdaş kimi logistika prosesinə qoşmaqdır.
Xatırladaq ki, Ermənistanın Ticarət və Sənaye Palatasının vitse-prezidenti Karen İvanov mayın 9-da mediaya açıqlamasında Çindən Avropaya və əks istiqamətdə “Orta dəhliz” vasitəsilə daşınan yüklərlə bağlı planı açıqlamışdı. “Ermənistan uzun müddətdir ki, bu logistik dəhlizin həyata keçirilməsi üçün Çin, Qazaxıstan, Türkmənistan və İranla danışıqlar aparır.
Çindən gələn konteyner qatarı Qazaxıstan və Türkmənistandan keçməklə İranın Culfa stansiyasına hərəkət edəcək. Boşaldıqdan sonra yük avtomobil nəqliyyatı ilə İrəvana çatdırılacaq. Bütün yol boyu hərəkət təxminən 25 gün davam edəcək”,-deyə İvanov bildirib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İranda keçirdiyi görüşlərdə Zəngəzur dəhlizi barədə müzakirələrin aparılmadığını deyib. O, hətta İrəvanın “Zəngəzur dəhlizi” terminini işlətmədiyini vurğulayıb. “Biz regional münasibətlərdəki dalandan necə çıxmaq və bölgəyə sülh və sabitlik gətirmək barədə danışırıq”, - deyə Qriqoryan qeyd edib.
Aydındır ki, Zəngəzur dəhlizinin açılması nə İranın, nə də Ermənistanın maraqlarına cavab verdiyindən, tərəflər bu məsələyə toxunmayıblar. Amma son illər İran-Ermənistan münasibətlərinin gündəliyində əsas yer tutan daşımalar və logistika mövzusunun diqqətdən kənarda qalması demək deyil. İran Ermənistana Azərbaycanla kommunikasiyaları açmadan öz ərazisi vasitəsilə Mərkəzi Asiyaya və Fars körfəzinə çıxışı təmin edən iki layihə təklif edir.
Buna baxmayaraq, hər iki ölkənin bu layihələri reallığa çevirmək potensialı olmadığından, bu yöndə iddialar əsasən siyasi pafos xarakteri daşıyır. Armen Qriqoryan forumda Ermənistanın xarici və müdafiə siyasətinin şaxələndirilməsindən danışıb. O, Ermənistanın heç bir ölkəni istisna etmədən bütün dövlətlərlə əlaqələri inkişaf etdirdiyini vurğulayıb. Bu da Ermənistanın Qərbyönümlü xarici siyasət kursundan və ABŞ ilə hərbi əlaəqlərin inkişafından İranın narahat olması ilə bağlıdır.
İranın nüvə proqramına dair danışıqların hələ nəticə verməməsi İsrail və ABŞ ilə müharibə riskini artırır. Belə olan təqdirdə, Tehran ABŞ-nin Ermənistan ərazisindən İrana qarşı hərbi kəşfiyyat məqsədilə istifadə imkanlarının qarşısını almağa çalışır. Çox güman ki, Armen Qriqoryanla görüşdə İran tərəfi məhz sözügedən məsələ barədə xəbərdarlıq edib.
Ermənistan isə rəsmi Tehranı ABŞ ilə əməkdaşlığın İrana qarşı yönəlmədiyinə, təhlükəsizliyin diversifikasiyasına xidmət etdiyinə inandırmağa çalışır. Lakin A.Qriqoryan çox güman ki, dalandan necə çıxmaq haqda danışarkən regional kommunikasiya layihələrinə hər iki tərəfin marağını təmin edən şəkildə çıxış əldə edən birgə variantın tapılmasını nəzərdə tutur.
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Tasnim”ə verdiyi müsahibədə bir sıra məsələlərə toxunub və o bildirib ki, Azərbaycanın yürütdüyü siyasət nəticəsində torpaqlarımız işğaldan azad olundu və Cənubi Qafqazda sülh üçün münbit şərait yaranıb. Yeni status-kvo işğala, təcavüzə deyil, beynəlxalq hüququn norma və prinsiplərinə, qanuniliyə əsaslanan münasibətlərdir. Ermənistanla sülh müqaviləsinin mətni rəsmi Bakı tərəfindən İrəvana təqdim olunub. Bu, ölkəmizin sülhə nə qədər sadiq olduğunun bariz təcəssümüdür:
"Müsbət məqam odur ki, sülh sazişinin mətni razılaşdırılıb. Lakin Ermənistanla razılaşdırılmayan açıq məsələlər qalır.
Ermənistanın konstitusional əsasda Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Yalnız onda regionda davamlı, qəti sülhə nail ola bilərik. Azərbaycan və Ermənistanın müstəqilliyini əldə etməsindən bu yana regionda sülh üçün münbit şərait var. Sülhün hüquqi çərçivəyə salınması üçün Azərbaycan üzərinə düşənləri yerinə yetirəcək”.
Hikmət Hacıyevin bu fikirləri bir daha təsdiqləyir ki, Azərbaycan regional sülh və sabitlik, o cümlədən region dövlətləri arasında siyasi və iqtisadi münasibətlərin inkişafı prosesində səmimi və maraqlıdır. Bütün tərəflər bu münasibətlərin inkişafında Azərbaycan qədər maraqlı və səmimi olarsa, regionda əməkdaşlığın yüksək səviyyədə qurulması mümkündür.
Müşfiq Abdulla
“Cebheinfo.az”