Azərbaycan-Özbəkistan münasibətləri: “Dost yox, qardaşıq”

“Azərbaycanla Özbəkistanı qədim zamanlardan etibarən ortaq bağlar birləşdirir”.
Bu sözləri Milli Məclisin deputatı Elnarə Akimova “Cebheinfo.az”-a açıqlamasında deyib.
O bildirib ki, iki ölkə arasında mənəvi, siyasi, hüquqi, humanitar və digər sahələrdə bir çox sahədə sıx əlaqələr mövcuddur:
“Ulu Öndər Heydər Əliyevin Özbəkistanla Azərbaycan arasındakı münasibətlərin qurulmasında misilsiz xidmətləri olub. Ümummilli Liderin 1996 və 1997-ci ildə Özbəkistana səfəri zamanı iki ölkə arasında bir çox mühüm müqavilə imzalanıb.
2004-cü ildə isə Prezident İlham Əliyevin Özbəkistana səfəri zamanı da iki ölkə arasında münasibətlərin inkişaf etməsi baxımından çox uğurlu sazişlər imzalandı. Bu sazişlər 2022-ci ildə bir qədər də artırıldı və daha çox sahəni əhatə etməyə başladı. Nəhayət, 2024-cü ilin avqust ayında Azərbaycanla Özbəkistan arasında bütün sahələrdə imzalanan sazişlər yeniləndi”.
Millət vəkili ötən gün Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin ölkəmizə səfər etməsinin əhəmiyyətindən də danışıb:
“Onun Bakıda olması, paytaxtda Özbəkistanın səfirliyinin yeni binasının açılması və parkının salınması həqiqətən də iki ölkə arasındakı münasibətlərin daha da inkişaf etməsi baxımından çox uğurlu işlərdir.
Düşünürəm ki, Azərbaycanla Özbəkistan Turan ideyasının və Türk dünyasının çox güclü resursunu təşkil edir. İki ölkə arasında ortaq dəyərlər, dil və dinin olması olduqca əhəmiyyətlidir. Ona görə də tərəflər bütün türk dünyasının quruculuğunun təməlində dayanan dövlətlər sırasındadırlar”.
Elnarə Akimova qeyd edib ki, Azərbaycan və Özbəkistan əlaqələrinin böyük perspektivi var:
“Tərəflər arasındakı əlaqələr hər keçən gün inkişaf etməyə davam edir. Şübhəsiz ki, iki qardaş ölkə arasındakı münasibətlərdə hər sahədə yüksəliş tempi var. Üstəlik, bu əməkdaşlıq digər türk dövlətlərinə də birlik baxımından çox uğurlu bir töhfə verəcək.
İki ölkə arasındakı münasibətlər çox böyük perspektiv vəd edir. Azərbaycanla Özbəkistanla təkcə dost yox, həm də qardaş ölkədir. Bizim böyük bir müttəfiqlik əlaqəmiz də var. Hesab edirəm ki, bütün sahələrdəki uğurun bəhrələrini bundan sonra da görəcəyik”.
Deputat Sumqayıt və Daşkənd şəhərləri arasında qardaşlıq əlaqələrinin olduğundan da bəhs edib:
“Mənim deputat kimi təmsil olunduğum Sumqayıt şəhəri ilə Özbəkistanın Daşkənd şəhəri arasında əməkdaşlıq genişləndirilir. Artıq bununla bağlı müqavilələr imzalanıb. Hesab edirəm ki, Daşkəndin özü də sənaye mərkəzi olaraq da böyük perspektivlər vəd edir. Məhz bu iki şəhər arasında müqavilələrin imzalanması şəhərlərin doğmalaşması və qardaşlaşması baxımından çox uğurludur”.
Elmir Mustafa
“Cebheinfo.az”