“AzerGold”dan Daşkəsəndə uşaqlara səyyar kukla tamaşası - FOTOLAR

“AzerGold”dan Daşkəsəndə uşaqlara səyyar kukla tamaşası - FOTOLAR

“AzerGold” QSC-nin təşkilatçılığı, Daşkəsən Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Daşkəsən şəhərində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə səyyar kukla tamaşası təşkil olunub.

Daşkəsən Mədəniyyət Mərkəzində baş tutan kukla tamaşasını Gəncə Dövlət Kukla Teatrının peşəkar yaradıcı heyəti təqdim edib. Müəllifi dramaturq Əhməd Oruc, quruluşçu rejissoru Şamil Məmmədli olan tamaşa “Zınqırovlu pişik” əsəri əsasında səhnələşdirilib.

Kukla tamaşasında uşaqlar həm əylənib, həm də dostluq, xeyirxahlıq və dürüstlük kimi vacib dəyərlərin həyatda qarşıya çıxan çətinliklərin öhdəsindən gəlməkdə nə qədər önəmli olduğunu aşılayan səhnələrlə tanış olublar. Səhnə dekorasiyası və personajların interaktiv təqdimatı uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Tamaşanı 300 nəfərə yaxın azyaşlı, o cümlədən “AzerGold” QSC və törəmə cəmiyyətləri – “Daşkəsən Dəmir Filiz” MMC, “AzerBlast” MMC-də çalışan əməkdaşların övladları izləyiblər. Sonda tamaşa personajları azyaşlılara Cəmiyyətin adından hədiyyə qutularını təqdim ediblər.

Tədbirin məqsədi uşaqların mədəni istirahətinə töhfə vermək, onların bayramını daha yadda qalan və əyləncəli etməkdir. “AzerGold” QSC-nin bu təşəbbüsü, şirkətin korporativ sosial məsuliyyət çərçivəsində icra etdiyi uşaqların fərdi inkişafına yönəlmiş maarifləndirmə layihələrinin bir hissəsidir.

"Cebheinfo.az"