Minlərlə əməkdaş işsiz qalacaq

ABŞ Dövlət Departamenti işçilərin sayını təxminən 18 faiz azaltmaqla 3400-dən çox işçini ixtisar edəcək.
Bu, qurumu daha güclü və daha funksional hala gətirmək məqsədi daşıyan restrukturizasiyanın bir hissəsi kimi təqdim olunur.
"Cebheinfo.az" –ın “CBS News”-a istinadən məlumatına görə, Dövlət Departamentinin Konqresə təqdim etdiyi sənədlərdə ABŞ Prezidenti Donald Trampın federal hökuməti ixtisarla bağlı planı çərçivəsində həyata keçiriləcək restrukturizasiya ilə bağlı təfərrüatlar açıqlanıb.
Sənədlərdə hazırda idarədə çalışan işçilərin təqribən 18 faizinə bərabər olan 3448 nəfərin ixtisar ediləcəyi, onlardan 1575 nəfərin isə öz istəyi ilə işdən çıxacağı qeyd edilib. Sənədlərdə departamentin ölkə üzrə ofislərinin təxminən 45 faizinin birləşdiriləcəyi və ya bağlanacağı, immiqrasiya ilə bağlı məsələlərlə məşğul olan ofislərin də yenidən təşkil ediləcəyi barədə məlumat paylaşılıb.
Regional bölmələrdə birləşmələrin olacağına da işarə edən sənədlərdə Əfqanıstan müharibəsində ABŞ ordusuna yardım edən əfqanlara dəstək proqramının ləğvi də qeyd edilib. Sənədlərdə restrukturizasiya planının əsasən iyul ayına qədər tamamlanmasının gözlənildiyi və ixtisarlar başlamazdan əvvəl vəzifəsinə xitam veriləcək kadrlara məlumat veriləcəyi qeyd edilib.
Dövlət katibi Marko Rubio özünün "X" hesabında etdiyi paylaşımda deyib:
“Yenidənqurma planı ABŞ-nin maraqlarını dəstəkləmək və amerikalıları bütün dünyada təhlükəsiz saxlamaq üçün daha yaxşı təchiz edilmiş daha çevik bir Departament yaradacaq”.
Nigar Hacılı
"Cebheinfo.az"