DTX Akademiyasında növbəti məzun buraxılışı oldu — VİDEO

DTX Akademiyasında növbəti məzun buraxılışı oldu — VİDEO

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasında (Akademiya) məzunların növbəti buraxılışına həsr olunmuş təntənəli mərasim keçirilib.

"Cebheinfo.az" xəbər verir ki, tədbirdə DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, xidmətin rəhbər əməkdaşları, təhlükəsizlik orqanlarının veteranları, Akademiyanın professor-müəllim heyəti, məzunlar və onların valideynləri iştirak ediblər.


Əvvəlcə ömrünün 25 ilini xüsusi xidmət orqanlarına həsr etmiş Azərbaycan təhlükəsizlik orqanlarının fəxri rəhbəri, Ulu Öndər Heydər Əliyevin Akademiyanın ərazisindəki abidəsi önünə gül dəstələri düzülərək dahi şəxsiyyətin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirələri dərin ehtiramla yad olunub, Dövlət Himni səsləndirilib.

Məzunlara diplomlar təqdim olunduqdan sonra general-polkovnik Əli Nağıyev gənc zabitləri təbrik edərək, Akademiyanın böyük inkişaf yolu keçdiyini və burada yüksəkixtisaslı kadr hazırlığı üçün hərtərəfli şəraitin yaradıldığını diqqətə çatdırıb. Kursantların seçdikləri peşənin sirlərinə dərindən yiyələnmələrinin vacibliyini bildirən Xidmət rəisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və birbaşa dəstəyi sayəsində ölkəmizdə müasir çağırışlara cavab verən xüsusi xidmət orqanlarının formalaşdığını qeyd edib.

DTX rəisi dünyada cərəyan edən mürəkkəb geosiyasi proseslər fonunda ölkəmizdə sabitliyin etibarlı şəkildə qorunduğunu vurğulayaraq milli təhlükəsizliyin təmin olunması istiqamətində bundan sonra da bütün qüvvə və vasitələrin səfərbər ediləcəyini açıqlayıb. General-polkovnik Əli Nağıyev gənc zabitlərin Ümummilli Liderin adını daşıyan Akademiyanın məzunları kimi gələcək fəaliyyətlərində unudulmaz şəxsiyyətin vətənpərvərlik irsini layiqincə yaşadacaqlarına əminliyini ifadə edib.

Təntənəli mərasim xatirə fotoşəklinin çəkilməsi ilə başa çatıb.

"Cebheinfo.az"