Sarı Aşığın “Gül dəftəri” Sumqayıtda

Sarı Aşığın “Gül dəftəri” Sumqayıtda

İyulun 11-i saat 14:30-da Sumqayıtdakı Ə.Kərim adına  Poeziya evində Sarı Aşığın “Gül dəftəri” kitabının dördüncü nəşrinin təqdimatı olacaq.

"Cebheinfo.az" xəbər verir ki, Gorus icmasının təşkilatçılığı ilə təşkil olunan təqdimatda ictimai xadim və tanınmış iş adamı Vüqar Novruzovun maliyyə dəstəyi ilə işıq üzü görən yeni nəşrin Şərqi və Qərbi Zəngəzura daxil olan icmalar arasında paylanması nəzərdə tutulur. 

Nəşrin tərtibçisi İlham Qəhrəmanın verdiyi məlumata görə, hər bir icmaya “Gül dəftəri”ndən 15 ədəd – 10 ədəd son nəşrdən, 5 ədəd əvvəlki nəşrdən olmaqla  hədiyyə ediləcək. Zəngəzura daxil olan Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Mehri, Qafan, Gorus və Sisian icmalarının tədbirdə iştirakı gözlənilir.  

Qeyd edək ki, şair və tədqiqatçı İlham Qəhrəman tərəfindən toplanıb tərtib edilmiş “Gül dəftəri”ndə Haqq Aşığına məxsus müxtəlif mənbələrdən götürülmüş 1018 bayatı, 8 qoşma (2 təcnis), 33 bayatı-tapmaca və bağlamalar, eyni zamanda haqqında rəvayətlər yer almışdır. 

Tərtibçi istifadı etdiyi qaynaqlara tənqidi yanaşmış, çoxsaylı deyim və sözlərə, dini-mifoloji məfhumlara, xüsusi adlara aydınlıq gətirmiş, cinasları düzgün və anlaşıqlı şəkildə təqdim edib. 

Tədbirdə kitablar Qərbi Zəngəzur üzrə icra nümayəndələrinə, Şərqi Zəngəzur üzrə isə Mədəniyyət idarələrinə təqdim ediləcək.

Əfsanə Rəcəb
"Cebheinfo.az"