Azərbaycanın qırmızı xətti: “Bu addımdan geri çəkilməsələr…”
"Erməni soyqırımı"nı tanıdığına dair iddialar fonunda İsrailin Azərbaycanla münasibətləri yenidən müzakirə mövzusuna çevrilib.
Azərbaycanın İsraildəki səfirinin məsləhətləşmələr üçün geri çağırıldığı barədə iddialar səslənsə də, bu məsələ ilə bağlı Azərbaycanın rəsmi qurumları tərəfindən hər hansı açıqlama verilməyib.
Əgər Azərbaycanın İsraildəki səfirinin məsləhətləşmələr üçün geri çağırılması baş versə, bu addım diplomatik baxımdan hansı mesajı ifadə edər?
“Cebheinfo.az”-a açıqlamasında siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirib ki, qondarma erməni soyqırımının tanınması Azərbaycana qarşı atılmış addımdır:

"İsraillə Azərbaycan arasında münasibətlər fərqli forma alır. Məncə, Azərbaycan İsraillə siyasi əlaqələri minimum səviyyəyə endirməlidir. Çünki bu problemi İsrail yaratdı. Türkiyəyə qarşı qondarma soyqırımını tanımaq Azərbaycana da qarşı atılmış addım deməkdir. Bu, qırmızı xətdir".
Siyasi şərhçi qeyd edib ki, Knesset qətnaməni qəbul edərsə, Azərbaycan səfirliyinin əməkdaşları geri çağırıla bilər:
"İsrailin xarici işlər naziri həmin gün Azərbaycan Xarici İşlər Nazirliyi ilə telefon danışığı aparıb. Azərbaycan tələb edir ki, bu qətnamə Knessetdə qanun halına gətirilməsin və İsrail bundan geri çəkilsin. Əks halda, bu addım İsrail-Azərbaycan münasibətlərinin daha da aşağı səviyyəyə enməsinə gətirib çıxaracaq. Çünki Türkiyə Azərbaycanın qardaş və müttəfiq ölkəsidir. Biz bir çox məsələlərdə xarici siyasətimizi koordinasiyalı şəkildə həyata keçiririk”.
Əfsanə Rəcəb
"Cebheinfo.az"

