Yaşı 65-dən çox olanlar müayinədən keçəcək
TƏBİB-in dəstəyi, Bakı Baş Səhiyyə Mərkəzinin təşkilatçılığı ilə “Qızıl yaşlar.
Sağlam və fəal həyat üçün” şüarı ilə Bakı şəhərində yaşayan və yaşı 65-dən çox olan bütün vətəndaşlar profilaktik tibbi müayinələrə cəlb edilir.
"Cebheinfo.az" xəbər verir ki, məqsəd yaşla bağlı sağlamlıq risklərinin (insult, infarkt və ya osteoporozla bağlı travmalar) vaxtında aşkarlanması, ürək-damar sistemi, şəkərli diabet, onkologiya, nevrologiya və digər xroniki xəstəliklərin, onların ağırlaşmalarının erkən diaqnostikası, xəstəliklər aşkar olunduğu hallarda müalicə-sağlamlaşdırma tədbirlərinə vaxtında başlanılmasıdır.
İlkin mərhələdə müayinələrin Bakı şəhərində fəaliyyət göstərən 11 ilkin səhiyyə xidməti müəssisəsi üzrə 70 mindən çox şəxsi əhatə etməsi nəzərdə tutulub.
Bu məqsədlə Bakı Baş Səhiyyə Mərkəzinin və tabeli tibb müəssisələrinin tibb mütəxəssislərindən ibarət işçi heyət formalaşdırılıb. Prosesin icrası zamanı hədəf qrupuna aid şəxslər müayinələrə dəvət olunur, həmin vətəndaşlara sahə həkimi tərəfindən ilkin baxış keçirilir və onların xəstəlik tarixi, dərman qəbulu, sosial vəziyyəti və digər məsələlər qiymətləndirilir.
Eyni zamanda hərəkət məhdudluğu olan şəxslər yaşayış ünvanlarında ambulator tibbi müayinələrə cəlb edilir. Həmin şəxslərə sahə həkimlərinin müayinələri ilə yanaşı, tibbi göstəriş olduğu halda ixtisas həkimlərinin konsultasiyalarının evdə aparılması nəzərdə tutulub.
Gülər
"Cebheinfo.az"

