Avtobuslarda kondisionerlər nə vaxt işə salınacaq?

Son günlər isti hava şəraiti marşrut avtobuslarda sərnişinlər üçün çətin vəziyyət yaradır.
Vətəndaşlar sürücüdən kondisionerin işə salınmasını tələb edirlər. Belə ki, 65, 79, 88 və digər avtobuslarda da sərnişinlər eybi vəziyyətlə qarşılaşmalı olurlar. Ancaq sürücülər hələ ki, kondisionerlərin işə salınmasına icazə verilmədiyini, bəzi sürücülər isə iyunun 1- də işə salınması ilə bağlı tapşırıq verildiyini deyirlər.
Bəs, avtobuslarda kondisionerlər nə vaxtdan işə salınacaq?
Məsələ ilə bağlı AYNA-dan “Cebheinfo.az”-a bildirilib ki, hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir:
“Havanın temperaturundan asılı olaraq, avtobuslarda sərnişinlərin rahatlığı üçün sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsi tapşırığı verilib”.
“BakuBus”dan isə bildirilib ki, hava şəraitinin isti keçməsi və sərnişin rahatlığının təmin olunması məqsədilə MMC-nin istismarında olan bütün avtobuslarda kondisioner sistemləri iyunun 2-dən etibarən mərhələli şəkildə aktivləşdiriləcək:
“Qeyd edək ki, reqlamentə qaydalarına əsasən kondisionerlərin aktivləşdirilməsi iyunun 15-nə təsadüf etsə də, son üç il ərzində formalaşmış praktika əsasında bu tarix hava şəraitinə uyğun şəkildə daha erkən mərhələyə çəkilir. Bu il də istisna olmayaraq sərnişin məmnuniyyəti əsas götürülərək kondisionerlərin aktivləşdirilməsinə vaxtından əvvəl başlanacaq”.
Nigar Abdullayeva
“Cebheinfo.az”