Regionlarda bələdiyyələrin fəaliyyətinin genişləndirilməsi məqsədilə yeni layihə start götürüb

Regionlarda bələdiyyələrin fəaliyyətinin genişləndirilməsi məqsədilə yeni layihə start götürüb

D. Əliyeva adına Azərbaycan Qadınlarının Hüquqlarının Müdafiə Cəmiyyəti regionlarda bələdiyyələrin institusional potensialının artırılması üçün “Bələdiyyə fəaliyyətinin genişləndirilməsi” adlı layihəni həyata keçirir.

"Cebheinfo.az" xəbər verir ki, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 5 ay müddətində icra olunacaq. Layihə Masallı, Astara, Cəlilabad, Lənkəran, Şamaxı, Şirvan və Quba rayonlarını əhatə edir. Hər rayonda iki dəfə olmaqla ümumilikdə 14 seminar-treninq keçirilməsi planlaşdırılır. Tədbirlərdə 140 nəfər bələdiyyə üzvü və işçisinin iştirakı nəzərdə tutulur. Layihənin əsas məqsədi regionlarda bələdiyyələrin fəaliyyətlərinin təkmilləşdirilməsi, bələdiyyə-vətəndaş və bələdiyyə-sahibkar münasibətlərinin inkişaf etdirilməsi, həmçinin yerli idarəetmənin maliyyə dayanıqlığının gücləndirilməsidir. Təlimlər iki mərhələdə keçiriləcək.

Birinci mərhələdə bələdiyyələrin qanunvericilik bazası, real təcrübəsi və əhali ilə əlaqələri müzakirə olunacaq. Eyni zamanda, 2024-cü ildə qüvvəyə minmiş Qrant Qanunundakı dəyişikliklər çərçivəsində bələdiyyələrin maliyyə resurslarına çıxış imkanları izah ediləcək. İkinci mərhələdə iştirakçılar layihə təkliflərinin hazırlanması, müsabiqə və tenderlərdə iştirak qaydaları, sosial sifarişlər və hesabatlılıq mövzularında praktiki biliklər əldə edəcəklər. Təlimlərdə həmçinin sosial problemlərin həllinə cəmiyyətin cəlb olunması, insan hüquqlarının, xüsusilə qadın hüquqlarının qorunmasında bələdiyyələrin rolu müzakirə ediləcək.

Layihənin sonunda 140 nəfər bələdiyyə üzvünün yerli özünüidarəetmə sahəsində bilik və bacarıqlarının artırılması, qanunvericilik və praktiki fəaliyyətlə bağlı məlumatlılığının yüksəlməsi gözlənilir. Eyni zamanda, iştirakçılar dövlət sifarişləri üzrə fəaliyyət imkanlarını mənimsəyəcək, layihə təklifləri hazırlayaraq müsabiqə və tenderlərdə uğurla iştirak edə biləcəklər. Bu layihə bələdiyyə-vətəndaş və bələdiyyə-sahibkar münasibətlərinin inkişafına, yerli idarəetmənin sosial funksiyalarının güclənməsinə və regionların sosial-iqtisadi inkişafında bələdiyyələrin daha fəal iştirakına xidmət edəcək. Xüsusilə qadın hüquqlarının müdafiəsində bələdiyyələrin imkanları və vəzifələri ilə bağlı iştirakçılar məlumatlandırılacaq.

Layihənin həyata keçirilməsi nəticəsində regionlarda bələdiyyələrin sosial-iqtisadi inkişaf prosesindəki rolu artırılacaq, onların daha çevik və təşəbbüskar fəaliyyət göstərməsi təmin ediləcək.

"Cebheinfo.az"