Deputatdan Qarabağda ev tikmək istəyənlərlə bağlı TƏKLİF

Deputatdan Qarabağda ev tikmək istəyənlərlə bağlı TƏKLİF

“Biz keçmiş qaçqın və köçkünlərimizi Qarabağa həm də ruhən və mənən bağlamalıyıq. 

30 il ərzində onlar yaxınlarını dədə-baba yurdundan kənarda dəfn ediblər. Təklif edirəm ki, Qarabağdan köçkün düşənlərə yaxınlarını öz dədə-baba yurdlarında dəfn etmək üçün şərait yaradılsın. İnsan öz yaxınını dünyaya göz açdığı, ruhən bağlı olduğu torpaqlarda dəfn etmirsə, həmin torpaq onun üçün mənəvi bağını itirmiş olur. 

Qarabağa tam köç illərlə vaxt alacaq. Buna görə də tikilən və tikilməsinə başlanılmayan bütün yaşayış yerlərində birinci növbədə qəbiristanlıqların bərpa olunmasını təklif edirəm. Bu fəaliyyətin elə günü sabahdan həyata keçirilməsi Qarabağa qayıdışın mənəvi bağlarını daha da gücləndirəcək, dövlət siyasətini həyata keçirməyə ciddi töhvə vermiş olacaq”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında Milli Cəbhə Partiyasının (MCP) sədri, deputat Razi Nurullayev deyib.

Deputat əlavə edib ki, dövlət vətəndaşların öz evini tikməsinə icazə versin:

“İşğaldan azad olunan ərazilər yenidən qururlur, keçmiş qaçqın və köçükünlər dədə-baba yurdlarına qaytarılır. Həqiqətən dövlət gözəl işlər görür və çox bəyənirəm. Adam baxır görülən işlərin miqyasına, fəxr edir. Bunlara rəğmən, bərpa olunası evlərin sayı çoxdur və mənə belə gəlir ki, dövlət və hökumət öz üzərinə böyük məsuliyyət, öhdəlik götürür. Bu qədər yükü çəkmək çox ağırdır və gərək vətəndaşlar da bu proseslərdə əsas iştirakçıya çevrilsinlər. 

Təklif edirəm ki, minalardan təmizlənmiş ərazilərdə sürətli şəkildə layihələndirmə işləri aparılsın və vətəndaşlara öz evlərini icra orqanının təklif etdiyi layihə və qanun çərçivəsində tikməyə icazə verilsin. Inanıram ki, keçmiş qaçqın və köçkünlərin xeyli hissəsinin öz evini tikmək imkanı var. Hətta təklif edirəm ki, dövlət infrastrukturu yaratsın və ev tikintisini isə qəbul edilən qanuni çərçivədə vətəndaşların özlərinin tikməsinə icazə versin. 

Bu, dövlətə daha ucuz başa gələr. Şirkətlər tərəfindən tikilən ev qiymətlərinin yarısının qiymətinə vətəndaş özü tikə bilər. Dövlət onlara tikinti mərhələləri üzrə pul ayırsın. İnanıram ki, bu üsulla 50 faiz dövlət vəsaitinə qənaət etmiş olarıq.

Qubadlıdan bir dostum var. Əliquluuşağı kəndinin keçmiş kolxoz sədri Maşallah İbrahimov. Onunla tez-tez görüşürük. İndi Xızı rayonunun Qarabulaq kəndində məskunlaşan Maşallah kişi deyir ki, mən tez öz kəndimdə ev tikmək istəyirəm, mənimlə bərabər 30-40 ailə də bunu istəyir. Bu cür istəklər lap çoxdur. Istərdim ki, mənim bu təklifim aidiyyəti üzrə qiymətləndirilsin”.

Vilayət Muxtar
“Cebheinfo.az”