16 ştat Trampı məhkəməyə verir

ABŞ-nin 16 ştatının baş prokurorları Tramp administrasiyasının Milli Elm Fondundan tədqiqat maliyyəsini kəsən və yeni məhdudiyyətlər tətbiq edən siyasətlərinə etiraz edərək federal məhkəmədə iddia qaldırıblar.
"Cebheinfo.az" xəbər verir ki, onlara Nyu-Yorkun baş prokuroru Letitia Ceymsin rəhbərlik edir. Prokurorlar qeyd ediblər ki, Trampın tədqiqatların maliyyələşdirilməsini məhdudlaşdırmaq və müxtəliflik proqramlarını ləğv etmək səlahiyyəti yoxdur. Milli Elm Fondunun məlumatlarına görə, Tramp administrasiyasının siyasəti nəticəsində 1700-dən çox qrant proqramı ləğv edilib və maliyyə kəsilməsinin məbləği 1,4 milyard dollara çatıb.
Dövlət katibi Marko Rubio bəyan edib ki, Daxili Təhlükəsizlik Departamenti ilə əməkdaşlıq çərçivəsində Çin Kommunist Partiyası ilə əlaqəsi olan və ya həssas sahələrdə təhsil alan çinli tələbələrin vizaları ləğv ediləcək. O, həmçinin bildirib ki, Çin və Honq Konqdan gələn bütün yeni viza müraciətləri daha sərt yoxlamalara məruz qalacaq.
FTB və yerli kəşfiyyat agentlikləri xüsusilə fizika, texnologiya, mühəndislik və riyaziyyat sahələrində təhsil alan tələbələrin Çinə kəşfiyyat məlumatı vermək riski yaratdığını iddia edirlər. 2023-24-cü tədris ilində ABŞ-də təhsil alan əcnəbi tələbələrin dörddə birindən çoxu Çindən gəlib. Beynəlxalq Təhsil İnstitutunun məlumatına görə, bu rəqəm 280 000 civarındadır. Çin Hindistandan sonra ABŞ-yə tələbə göndərən ikinci ən böyük ölkədir.
Nigar Hacılı
"Cebheinfo.az"