Bəhruz Məhərrəmov: “Qərb ailə modeli etalon deyil”

““Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə müvafiq olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Milli Məclisə təqdim etdiyi məlumat kifayət qədər peşəkar, əhatəli hazırlanıb və bizə aidiyyəti sahədə hesabat dövrü üzrə mənzərəni görməyə tam imkan yaradır”.
“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü plenar iclasında deputat Bəhruz Məhərrəmov deyib.
O bildirib ki, gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri fonunda təhlil etsək, məlumat dövrü üzrə gender bərabərliyinin təmin edilməsi üçün normativ hüquqi bazanın formalaşdırılması, təkmilləşdirilməsi və inkişafı sahəsində əməli fəaliyyət, ələxsus bu istiqamətdə dövlət komitəsinin parlamentlə səmərəli əməkdaşlığı çox aydın formada müşahidə olunur.
Deputat xatırladıb ki, Prezident ötən il fevralın 14-də elə bu zalda andiçmə mərasimində biz vətən müharibəsi və antiterror tədbirlərində elə daşları tərpətmişik, bizdən əl çəkməyəcəklər deyə bəyan etdi:
“Təbii ki, hərb və diplomatiya masasında artıq gücümüzü, daha dəqiq desəm cənab İlham Əliyevin gücünü görüblər. Bu mənada açıq hərbi-siyasi eskalasiyaya cəsarət etməsələr də, bizə münasibətdə ideoloji hücumlar aktivləşib.
Xüsusən milli və ailə dəyərlərimiz məqsədli formada hədəfə çevrilib. Təssüflər olsun ki, reytinq xatirinə bəzi media strukturları da bu prosesdə “sosial layihələr” adı altında istəmədən həmin ideoloji risklərin daşıyıcılarına çevrilir.
Düzdür, cənab İlham Əliyevin rəhbərliyi altında Ulu Öndərin azərbaycançılıq ideologiyası əsasında yetişən gənc nəsilin ideoloji təsirlərə məruz qalması da asan məsələ deyil.
Lakin etiraf edək ki, gender, ailə, uşaq məsələləri kifayət qədər həssas məqamlardır ki, bu istiqamətdə profilaktik tədbirlər zərurətdir. Bu gün cəmiyyətdə bir sıra hallarda daha çox sahəvi məsələlərə, məsələn boşanma, selektiv doğuş, aliment kimi məsələlərə fokuslanır.
Əlbəttə, bunların hər biri çox önəmli məsələlərdir, lakin, bu problemlər də elə qaldırılmalıdır ki, populist matreala çevrilib problemin aradan qaldırma üsulu problemin özündən çox zərərə gətirib çıxarmasın.
Təssüflər olsun ki, gender bərabərliyinin təmin edilməsi bir sıra hallarda zərərli dəb formatında milli və ailə dəyərlərinin təməlinin zədələnməsinə gətirib çıxarır. Hətta başqa ölkələrin nümunəsində görürük ki, bir sıra hallarda müəyyən dəyərləri sıradan çıxarır”.
B.Məhərrəmov əlavə edib ki, Azərbaycanın aidiyyəti orqanları məsələyə ayıq və korrekt yanaşma nümayiş etdirməyi bacarır:
“Digər tərəfdən açıq deməliyik Azərbaycanda bu sahədə köklü bir problem yoxdur, Qərb ailə modeli etalon deyil, avropa ailə modelinə uyğun olmayan ailə hələ problemli ailə demək deyil, əksinə əminliklə deyə bilərik ki, elə Azərbaycanın öz ailə modeli ən sağlam və ən doğörusudur.
Azərbaycan valideynindən övladına qarşı skandinaviyalı kimi davranmaq tələb etmək olmaz, və kiməsə oxşamadığımıza yaxud kimisə örnəık almadığımıza görə hesabatlara düşməkdən çəkinməməliyik.
Sevindirici haldır ki, mövcud məlumatdan və ötən dövr üzrə fəaliyyətdən də göründüyü kimi, Ailə qadın və Uşaq Problemləıri üzrə dövlət komitəsi bu məsələdə cəsarətli və ən əsası milli davrana bilib.
Habelə eyni ruhu qorumaqla gender bərabərliyinin təmin edilməsi üçün dövlət proqramlarının hazırlanması və həyata keçirilməsi, gender bərabərliyi mədəniyyətinin təbliği sahəsində önəmli nəaliyyətlər var.
Bu mənada mən Bahar xanım və rəhbərlik etdiyi qurumun əməkdaşların fəaliyyətini yüksək qiymətləndirir və cari məlumata dəstəyimi ifadə edirəm”.
Vilayət Muxtar
“Cebheinfo.az”