Dövlət Vergi Xidməti ƏDV-yə qadağa qoyub? – RƏSMİ

Dövlət Vergi Xidməti ƏDV-yə qadağa qoyub? – RƏSMİ

"ƏDV ilə vurduğum pulları kommunallara ödəyirdim, ancaq blok qoyuldu". 

Bu barədə feysbukda "Hüquqşünaslar" qrupunda kuryerlərdən biri paylaşım edib.

O bildirib ki, müştərilərin ödəniş qəbzlərinin davamlı ƏDV-sini yüklədiyi üçün indi prosesi təkrarlamasına qadağa qoyulub: 

"Bəzən elə olur ki, müştərilər qəbzi istəmir, bu halda ƏDV-ləri öz kartıma yükləyirəm. Aya 40-50 manat toplanır, bununla kommunallarımı ödəyirəm. Ancaq 1 həftədir ki, qəbzləri yükləmək mümkün olmur. Bununla bağlı Dövlət Vergi Xidmətinə müraciət etmişəm. Qurumdan bildirildi ki, buna səbəb aylıq qazancımın ödənişləri qarşılamamasıdır". 

Sözügedən paylaşıma vətəndaşlar da münasibət bildirib. Onlar kuryerin cərimələnməsi kimi halın baş tuta biləcəyi ehtimalını vurğulayıblar. Bəzi istifadəçilər isə qeyd ediblər ki, bir başqasının ödəniş qəbzindən ƏDV yükləmək artıq qadağan olunub.

Şəxsin başqasının ödəniş qəbzindən Əlavə Dəyər Vergisini (ƏDV) vurması ilə bağlı Dövlət Vergi Xidmətindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, Dövlət Vergi Xidməti ailə üzvünün yaxud dost tanışın çekini vurmağa nəzarət etmir: 

“Bunun əhəmiyyəti yoxdur, nə də hər hansı resurs buna imkan verir. Məsələ bunda deyil. DVX büdcədən davamlı şəkildə və əhəmiyyətli məbləğlər geri istənildikdə onun əmtəəsiz əməliyyatlara aid olub-olmadığını yoxlayır. 

Təəssüf ki, sui-istifadə etmək halları mövcuddur və DVX özünün birbaşa funksiyası olan nəzarətini təmin etməlidir. Əgər hər hansı hal DVX diqqətini cəlb edirsə, bu dəqiq 5-10 çek deyil, dəqiq bir gündə vurulan çek sayı deyil, dəqiq qəpik-quruş deyil. Bu tamamilə normaldır ki, DVX bunu yoxlayır, əməliyyatın saxta aparılıb aparılmadığını dəqiqləşdirir”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”