DİM-in imtahanlarda çaşdırıcı “tələsi”?

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən mayın 25-də II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.
İmtahanda 54247 abituriyent iştirak edib. Artıq həmin ixtisas qrupları üzrə qəbul imtahanının 2-ci mərhələsinin 2-ci cəhdində iştirak etmək üçün qeydiyyat başlayıb. II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanından bir müddət keçsə də, sosial şəbəkələrdə abituriyentlər, valideynlər xüsusilə də “Tarix” fənnindən sualların çətinliyi ilə bağlı fikirlərini bildirirlər.
Bu barədə ekspertlər necə düşünürlər, doğrudanmı “Tarix” fənnindən suallar çox mürəkkəb tərtib olunub?
Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Cümhuriyət”-ə bildirib ki, “Azərbaycan tarixi” fənni üzrə qəbul imtahanlarında təqdim olunan test tapşırıqlarına dair narazılıqlar artıq təkrarlanan və struktur xarakter daşıyan bir problemə çevrilib:
“Son üç ildə – 2023, 2024 və 2025-ci illərdə keçirilən imtahanlardan sonra eyni məzmunlu şikayətlər sosial şəbəkələrdə, ictimai müzakirələrdə və mütəxəssis rəylərində yer almaqdadır. Bu isə onu göstərir ki, məsələ təkcə hansısa bir sualın çətinliyi ilə bağlı deyil, ümumilikdə Dövlət İmtahan Mərkəzinin (DİM) “Tarix” fənnini qiymətləndirmə yanaşmasında konseptual və metodoloji çatışmazlıqlar var.
Ən çox tənqid olunan məqam odur ki, DİM-in bu fənn üzrə sualları təhsil proqramı və dərsliklərlə üst-üstə düşmür. Abituriyentlər sualların ya dərslikdə mövcud olmayan detallı biliklər, ya da çoxsaylı cümlə və fakt əlaqələndirməsi tələb etdiyini bildirirlər.
Bu isə Azərbaycan tarixinin bilik olaraq yox, analiz vasitəsi kimi təqdim olunması anlamına gəlir. Əgər imtahanın dizaynı və müddəti bunu qarşılamırsa, bu yanaşma şagirdin bacarıqlarını qiymətləndirmir, onu imtahanda uğursuz olmağa sürükləyir.
“Azərbaycan tarixi” üzrə kurikulumda əsas məqsəd şagirdin tarixi hadisələr arasında səbəb-nəticə əlaqəsi qurmaq bacarığını formalaşdırmaq, milli identiklik və vətənpərvərlik hissini gücləndirmək, tarixdən çıxarılacaq sosial və siyasi nəticələri mənimsətməkdir”.
Lakin ekspertin fikrincə, suallar bəzən bu məqsədlərə xidmət etmir:
”Əvəzində abituriyentdən mücərrəd, bəzən təzadlı və faktolojidetalçılıq tələb edən biliklər gözlənilir. Sualların variantları da çox zaman qarışıq və manipulyativ qurulur, bu da düzgün variantı seçmək yerinə, “çaşdırıcı tələyə düşmək” riskini artırır. Bu səbəbdən bir çox abituriyentlər sualların formatını MİQ və doktorantura imtahanları ilə müqayisə edirlər”.
Ekspertin fikrincə, ən ciddi məsələlərdən biri isə imtahanın təhsil sisteminin rəsmi resurslarına əsaslanmamasıdır:
“Yəni, əgər hansısa məlumat dərslikdə yoxdursa, bu barədə sual verilməsi həm pedaqoji, həm hüquqi, həm də etik baxımdan düzgün deyil. “Təhsil haqqında” Qanunun 13.2-ci maddəsində açıq şəkildə qeyd olunur ki, qiymətləndirmə şagirdin təhsil aldığı proqramlara əsasən aparılmalıdır. Əgər DİM öz imtahan modelini bu çərçivədən çıxarırsa, bu, artıq təhsilin vətəndaş hüququ kimi təmin edilməməsi anlamına gəlir.
Mübahisə doğuran digər bir məsələ isə 2-ci və 3-cü ixtisas qruplarına təqdim olunan sualların eyni, lakin bal qiymətləndirməsinin fərqli olmasıdır. Belə bir hal təhsildə bərabərlik və ədalət prinsiplərinə ziddir. Eyni sualı cavablandıran abituriyentlərdən birinin 100 bal, digərinin 150 bal üstündən qiymətləndirilməsi nəticələrin obyektivliyini və ali təhsil şanslarının ədalətliliyini sual altına alır.
Məsələyə daha da ciddi yanaşma isə bəzi tarixçi mütəxəssislərin, o cümlədən Ramin Əlizadənin iddialarıdır. Onun sözlərinə görə, DİM tərəfindən təqdim olunan bəzi suallar kontekstual olaraq Azərbaycanın milli maraqlarına uyğun deyil, hətta bilərəkdən və ya bilməyərəkdən Ermənistanın tarixi təbliğatına xidmət edə biləcək fikirlərlə üst-üstə düşür.
Bu iddialar istər-istəməz sualların hazırlanması zamanı ideoloji ekspertizanın olmamasını gündəmə gətirir. Tarix təkcə elm deyil, həm də milli ideologiyanın daşıyıcısıdır. Əgər bu fənnin imtahan formatı üzərində peşəkar tarixçilər yox, texniki test mütəxəssisləri çalışırsa, bu zaman fənnin ruhu yox olur, quru fakt və analiz “tələsi”nə çevrilir. Bu isə təhsilin maarifləndirmə deyil, “ələmə” funksiyasına yönəldiyini göstərir”.
Ekspertin sözlərinə görə, “Tarix” fənni üzrə sualların daha dərin, səbəb-nəticə əlaqələrinə söykənməsi prinsip etibarilə doğru yanaşmadır:
“Amma bu, yalnız o halda keçərlidir ki, məktəb proqramı, dərslik, müəllim hazırlığı, qiymətləndirmə modeli və imtahan dizaynı bir-birini dəstəkləsin. Əgər bu zəncirin bir halqası belə zəifdirsə, bütün sistem iflic olur.
Dünya təcrübəsində, məsələn, Finlandiya, Almaniya və Cənubi Koreya kimi ölkələrdə tarixdən suallar daha çox mənbə üzərində təhlilə, qrafik və xəritə analizinə, düşüncəni ifadə etməyə yönəlib. Açıq suallarla şagirdin düşünmə forması ölçülür, testlə isə yalnız faktı bilib-bilmədiyi yoxlanır. Bu ölkələrdə təhsil proqramı ilə qiymətləndirmə eyni məqsədə xidmət edir və şagirdin uğuru test bacarığı ilə yox, analitik təhlil və öz fikrini əsaslandırmaq bacarığı ilə müəyyənləşdirilir.
Azərbaycan tarixinin imtahan sistemində belə yanaşma hələ formalaşmayıb. Əgər bu sahədə real dəyişikliklər edilməzsə, abituriyentlər yalnız öyrəndikləri üçün yox, həm də təhsil sisteminin qurbanı olduqları üçün itirəcəklər. DİM bu məsələdə daha şəffaf davranmalı, sualların hazırlanması prosesində akademik tarixçiləri, pedaqoqları və ideoloji ekspertləri cəlb etməli, sual bankları ictimai nəzarətə açılmalı və tənqidlərə cavab vermək üçün mexanizm yaratmalıdır.
Nəticə etibarilə, “Tarix” fənni üzrə narazılıqlar təsadüfi deyil, sistematikdir. Bu problemi aradan qaldırmaq üçün təhsilin imtahan blokunda fənn dəyərlərinə və milli maraqlara uyğunluq, proqram əsaslılıq və ədalətli qiymətləndirmə prinsipləri bərpa olunmalıdır. Əks halda, DİM-in fəaliyyəti sadəcə imtahan keçirmək deyil, milli tarix şüurunu təhrif etmək təhlükəsinə çevrilə bilər. Bu isə sadəcə təhsil problemi deyil, strateji milli təhlükəsizlik məsələsidir”.
Nigar Abdullayeva
"Cebheinfo.az"