Makron: "Fələstin dövlətini tanımaq..."

Fransa Prezidenti Emmanuel Makron Sinqapura səfəri zamanı dünya gündəminə dair mühüm açıqlamalar verib.
"Cebheinfo.az" xəbər verir ki, o, bəzi şərtlərlə Fələstin dövlətinin tanınmasının “təkcə mənəvi məsuliyyət yox, həm də siyasi bir zərurət olduğunu” vurğulayıb.
ABŞ-nin vasitəçiliyi ilə İsrail və HƏMAS arasında atəşkəsin və girov mübadiləsinin təmin olunmasına dair cəhdlər davam etdiyi bir vaxtda Makron, İsrailin Qəzzaya qarşı hücumlarına da toxunub.
O, İsrailin Qəzzadakı humanitar vəziyyətə adekvat şəkildə reaksiya vermədiyi təqdirdə Avropa ölkələrinin İsrailə qarşı "birgə yanaşmalarını sərtləşdirməli olduqlarını" deyib.
Makron həmçinin Rusiya-Ukrayna müharibəsinə toxunaraq ABŞ-də Tramp administrasiyasının “Ukraynada atəşkəslə bağlı addım atmayan Rusiya qarşısında hansı cavabı verəcəyinin ABŞ-nin inandırıcılığı üçün bir sınaq olduğunu” söyləyib.
O, Avropa ölkələrinin Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazır olduqlarını bildirib.
Fransa Prezidenti, ABŞ Prezidenti Tramp və onun komandasının da bu məsələdə eyni mövqeni nümayiş etdirməsinin vacibliyini vurğulayıb.
Makron 28 may tarixində İndoneziyaya səfəri zamanı da İsrailin Qəzzaya hücumları ilə bağlı fikirlər səsləndirmişdi.
O, “7 oktyabr 2023-cü il hadisələrini qınadıqlarını və İsrailin özünü müdafiə etmək hüququnu tanıdıqlarını” qeyd edərək, həmin tarixdən etibarən atəşkəsin əldə olunması üçün çağırış etdiklərini və sülhün bərqərar olunması, humanitar yardımın çatdırılması üçün çalışdıqlarını bildirmişdi.
Makron çıxışında, "Buna görə də biz iki dövlətli həllə və qarşılıqlı tanınmaya aparan bir prosesin yenidən canlandırılması üçün təşəbbüslər göstəririk. Cənab Prezident (Subianto), siz də eyni mövqeni müdafiə etdiniz, yəni bu gün yalnız siyasi bir mövqenin sülhü bərpa edə və onu uzunmüddətli olaraq qurmağa imkan verəcəyini ifadə etdiniz... Fələstin dövlətinin tanınması ilə yanaşı, İsrail dövlətinin və onun regionda sülh və təhlükəsizlik içində yaşamaq hüququnun tanınması istiqamətində yeni bir dinamika yaratmaq məqsədilə yaxın günlərdə Səudiyyə Ərəbistanı ilə birlikdə Nyu-Yorkda Qəzza ilə bağlı bir konfrans təşkil edəcəyik" deyib.
Əfsanə Rəcəb
"Cebheinfo.az"