Deputatdan Əli Kərimliyə: “Əbləhlikdir...”

Deputatdan Əli Kərimliyə: “Əbləhlikdir...”

“Azərbaycanın müstəqillik günündə dünya gücləri - aparıcı NATO subyekti olan Türkiyə və nüvə dövləti Pakistan liderlərinin Laçından Azərbaycana bir daha həmrəylik nümayişi cənab İlham Əliyevin bu bölgədə miqyas və keyfiyyət baxımdan tam yeni reallığa nail olduğunu göstərir.

Habelə, ABŞ Prezidenti və dövlət katibinin həm məktubla, həm də Bakıda səfərdə olan senator Deyns vasitəsi ilə verdiyi mesajlar deməyə əsas verir ki, ötən 4 ildəki mövqeyin əksinə, Vaşinqton da artıq yeni reallıqları qəbul edir. Doğrudan cənab İlham Əliyev sözün əsl mənasında tarix yazır yox, tarix yaradır. Həm də son 35 ildə Cənubi Qafqazın Axilles dabanı olan Laçında”.

“Cebheinfo.az” xəbər verir ki, bunu parlamentin bugünkü iclasında deputat Bəhruz Məhərrəmov deyib.

Deputat qeyd edib ki, biz qalib dövlətik, ərazi bütövlüyümüz təmin edilib, suverenliyimiz bərqərar olunub, işğaldan azad olunmuş ərazilərdə artıq 50 minə yaxın insan yaşayır və öz gücümüz hesabına böyük quruculuq bərpa prosesi fonunda təhlükəsiz böyük qayıdış həyata keçirilir:

“Yaranan yeni reallıqlar isə artıq əsas güclər tərəfindən qəbullanılır. Bax, əsl müstəqillik budur. Yoxsa istiqlal anlayışının Novxanıda Rəsulzadənin abidəsi önündə ildə 2 dəfə populist bəyanatlar verməklə nə əlaqəsi? 

Əli Kərimov, sənin Novxanıda təsirli natiq obrazı yaratmaq üçün səsinin “ahəngi” ilə cənab Ərdoğanın nitqini təqlid etməyin kimə lazımdır, elə insanlar cənab Ərdoğanın özünün Laçından verdiyi bəyanatları, onun “Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inandığını” deməsini elə öz dilindən eşidirdi də.   

Qışqırmaqla müstəqil olunmur, o vaxt Qarbaçov yenidənqurma siyasəti fonunda sizə meydanda azadlıq imitasiyası etmək üçün şərait yaratdı, hələ də elə bilirsiz qışqırıb müstəqil olmusuz. Ayılın artıq, çıxın siyasi törəməsi olduğunuz Qorboçovun şinelindən”.

B.Məhərrəmov əlavə edib ki, Müstəqillik Günündə Avropa İttifaqının bayrağının altında müstəqillikdən danışmaq əbləhlikdir:

“Başa düşün ki, bizə böyük qardaş lazım deyil, biz özümüz artıq böyüyük. Bəli, hər bir liderin tarixdə yaxşı - pis müəyyən rolu var, sizin Heydər Əliyevlə davrandığınızın tam əksinə, cənab İlham Əliyev iqtidarı Elçibəyə də, Rəsulzadəyə də layiqli hörməti göstərir, yubileyləri qeyd olunur, ailələrinə dövlət qayğısı var. 

Amma siz tarixi personaları siyasi qütbə çevirsəz başa düşün ki, qalib və məğlublar arasında uçurum çox aydın görünəcək, ona görə də əl çəkin, bu insanların ruhunu azad buraxın.

Müstəqillik anlayışı Novxanı yolu deyil, müstəqillik gücdən, qüdrətdən, hərbi-siyasi zəfərlərdən və bu günün şərtləri ilə Laçından keçir. Ona görə də siz müstəqillikdən, azadlıqdan danışmayın.   

Azərbaycan insanı Laçını qurban verib hakimiyyəti zəbt edənlərin Novxanıdakı boşboğazlığına yox, müzəffər lider cənab İlham Əliyevin azad etdiyi Laçından verilən əzəmətli bəyanatlara layiqdir”.

Vilayət Muxtar
“Cebheinfo.az”