Paytaxtın tullantılardan təmizlənməsi layihəsi davam etdirilir - FOTOLAR

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) 6 ildir həyata keçirdiyi bərk məişət tullantılarının yığılması, daşınması və çeşidlənməsi layihəsi uğurla davam etdirilir.
Həmin vaxt Nərimanov rayonu pilot layihə olaraq müəyyən edilərək işlərə məhz orada başlanılmışdı. Sonrakı illərdə Nizami, Nəsimi, Yasamal, Xətai, Pirallahı, Suraxanı, Binəqədi və Səbail rayonları da bu layihəyə qoşulub, bununla da iştirakçıların sayı 9-a çatıb.
BŞİH-dən “Cebheinfo.az”-a bildirilib ki, işlərin gedişatının monitorinqi məqsədilə mütəmadi olaraq hər bir rayon üzrə toplanan çeşidlənmiş tullantıların tərkibi və çəkisi ayrıca araşdırılır, nəticələr əvvəlki müddətlə müqayisə edilir. Aparılan təhlillər layihənin uğurla həyata keçirildiyini göstərib.
Belə ki, layihənin tətbiqinin ilk aylarında Nərimanov rayonunda çeşidlənmiş tullantının həcmi bir gündə 6-8 ton, sonradan isə tədricən 11-14 ton olmuşdusa, hazırda bu rəqəm gündəlik təqribən 21-23 ton təşkil edir. Bu da, ilk növbədə, əldə edilən təcrübə, həmçinin könüllülərin, kommunal xidmət əməkdaşlarının sakinlər arasında apardığı düzgün maarifləndirmə işlərinin nəticəsidir. Eyni zamanda, Nərimanov rayon sakinləri də ilk gündən bu layihənin tətbiqində yaxından iştirak edirlər.
Qeyd edilməlidir ki, ətraf mühitin çirklənmədən qorunması istiqamətində mühüm əhəmiyyət daşıyan bu layihənin uğurla həyata keçirilməsi və paytaxt sakinlərinə göstərilən xidmətlərin səviyyəsinin daha da artırılması məqsədilə dövlətimizin başçısının ayırdığı maliyyə vəsaiti hesabına Bakı şəhər kommunal təsərrüfatı xidmətləri üçün 164 müasir avtonəqliyyat vasitəsi və mexanizm alınıb.
Yeni texnikaların tətbiqi əhaliyə göstərilən kommunal xidmətlərin səviyyəsini yüksəldərək kommunal xidmətlərin mövcud avtoparkının yenilənməsinə böyük kömək olub.
Nigar
“Cebheinfo.az”