ABŞ İstanbulda Rusiya və Ukrayna arasında danışıqların bərpasına ümid edir

ABŞ administrasiyası gələn həftə İstanbulda Rusiya və Ukrayna arasında danışıqların bərpasına ümid edir.
Bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt brifinqdə bildirib.
"Biz ümid edirik ki, Rusiya və Ukrayna gələn həftə İstanbulda birbaşa danışıqlara başlayacaq. Biz bu görüşün baş tutacağına inanırıq. Bu, ABŞ prezidenti Donald Trampın təşviq etdiyi, hər iki tərəfi dialoqa və birbaşa danışıqlar aparmağa çağırdığı görüşdür", - o qeyd edib.
Livitt vurğulayıb ki, ABŞ bu danışıqlar üçün Türkiyəyə nümayəndə heyəti göndərmir. "Prezident nümayəndə göndərməyi planlaşdırsa, sizə xəbər verəcəyik. Hazırda bunu görmürəm. O, bu müharibənin döyüş meydanında deyil, danışıqlar masası arxasında həllini istəyir. Dövlət başçısı bunu dəfələrlə hər iki ölkənin liderinə deyib. Ümid edirəm ki, gələn həftə müəyyən irəliləyişlər müşahidə olunacaq", - Ağ Evin sözçüsü bildirib.
Qeyd edək ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna ilə iyunun 2-də İstanbulda keçirilməsi planlaşdırılan danışıqların ikinci raundunu elan edib. O, bəyan edib ki, nümayəndə heyətinin rəhbəri Vladimir Medinski böhranın əsas səbəblərini aradan qaldırmağın bütün aspektləri ilə bağlı Rusiyadan memorandumu Ukraynaya təhvil verəcək.
Danışıqların əvvəlki raundu mayın 16-da baş tutub və “1000-dən 1000-ə qədər” prinsipi ilə əsirlərin mübadiləsinə dair razılaşmalar və mümkün gələcək atəşkəs barədə tərəflərin öz mövqelərini təqdim etməsi ilə başa çatıb. Hər iki tərəf görüşün nəticəsindən məmnunluq ifadə edib.
"Cebheinfo.az"