Paytaxt sənayesində qeyri-dövlət sektorunun payı 82 faiz olub

Cari ilin yanvar-mart aylarında paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 12,8 milyard manat təşkil edib.
AZƏRTAC Bakı Şəhər Statistika İdarəsinə istinadla xəbər verir ki, sənaye məhsulunun 75,4 faizi mədənçıxarma, 20,7 faizi emal, 3,1 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.
Sənayedə qeyri-dövlət sektorunun payı 82 faiz olub. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 93,9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 6,1 faiz təşkil edib. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 aprel 2025-ci il vəziyyətinə 499,6 milyon manatlıq hazır məhsul ehtiyatı olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 55,3 milyon manat məbləğində digər məhsullar da mövcud olub.
"Cebheinfo.az"