İordaniya mediası Müstəqillik Günü ilə bağlı silsilə məqalələr dərc edib - FOTO

28 May – Müstəqillik Günü ilə bağlı İordaniya mətbuatında silsilə məqalələr dərc edilib.
AZƏRTAC xəbər verir ki, İordaniyanın “Petra” Dövlət İnformasiya Agentliyinin internet səhifəsində, “Ər-Ray”, “Əd-Düstur” hökumət qəzetlərində, eləcə də geniş oxucu kütləsinə malik “Jordan Daily”, “Ammon News” və “əl-Bələd News” elektron xəbər portallarında “Azərbaycan müstəqilliyinin 107-ci ildönümünü qeyd edir” adlı məqalə və “Azərbaycan səfirliyi ölkəsinin Müstəqillik Gününü qeyd edir” başlığı altında səfirliyin bu əlamətdar günlə bağlı bəyanatı dərc edilib.
Yazılarda 1918-ci ildə müsəlman Şərqində ilk dünyəvi və demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının böyük tarixi hadisə olduğu qeyd olunub. Azərbaycan Xalq Cümhuriyyətinin qadınlara səsvermə hüququ verməklə universal seçki hüququnu tətbiq etmiş, qısa müddətdə demokratik təsisatların bünövrəsini qoymuş bir demokratik ölkə olduğu vurğulanıb.
Məqalələrdə müstəqilliyimizin 1991-ci ildə bərpasından sonrakı ilk illərində Azərbaycanda xaos və iqtisadi böhranın, çox ağır sosial vəziyyətin hökm sürdüyü və ölkəmizin vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdiyi və 1993-cü ildə Azərbaycan Prezidenti seçilən Ümummilli Lider Heydər Əliyevin səyləri nəticəsində sabitliyin bərpa olunduğu diqqətə çatdırılır. Eyni zamanda, “Əsrin müqaviləsi” və digər qlobal enerji layihələri ilə, həmçinin düzgün daxili və xarici siyasi fəaliyyət nəticəsində ölkəmizin möhkəm suverenliyinin və iqtisadi inkişafının əsasının qoyulduğu bildirilir. Həmçinin İkinci Qarabağ müharibəsindən və 2023-cü il sentyabr ayında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin bərpa edildiyi, həmin ərazilərdə böyük həcmdə bərpa və quruculuq işlərinin həyata keçirildiyi qeyd olunur.
Yazılarda Azərbaycanla İordaniya arasında mövcud olan səmərəli və strateji münasibətlərə də diqqət yetirilir. Qeyd edilir ki, bu əlaqələrin əsası 1994-cü ildə Ümummilli Lider Heydər Əliyev ilə mərhum Kral Hüseyn bin Talal arasında keçirilmiş görüş zamanı qoyulub. Prezident İlham Əliyev və Kral II Abdullahın rəhbərliyi ilə siyasi, müdafiə, iqtisadiyyat və mədəniyyət sahələrində əməkdaşlıq daha da genişləndirilib.
"Cebheinfo.az"