Yeni müharibənin ilk addımı: Pakistanlı ekspertdən maraqlı açıqlamalar

Son günlər Hindistan və Pakistan arasında cərəyan edən hadisələr bütün Cənubi Asiya regionunda təhlükəli bir dönüş nöqtəsinin yaxınlaşdığını göstərir.
Pahalqam insidentindən sonra tərəflər arasında diplomatik ritorika yerini hərbi mesajlara və faktiki cavab tədbirlərinə verməyə başlayıb.
Hindistanın hava məkanından çıxmadan, Pakistan ərazisini hədəf alması, ardınca isə İslamabadın sərt və sürətli cavabı, bu gərginliyin adi sərhəd insidentindən hansı nəticələrə yol aça biləcəyi haqqında Pakistanın Sülh və Diplomatiya İnstitutunun (İslamabad) direktoru, beynəlxalq məsələlər üzrə ekspert Məhəmməd Asəf Nur "Cümhuriyət"-ə özəl açıqlamasında bildirib ki, son günlər Hindistan və Pakistan arasında yenidən alovlanan gərginlik bölgədə ciddi narahatlığa səbəb olub.
“Bu hadisələr ciddi suallar doğurur”
Hindistan Hərbi Hava Qüvvələrinin Pakistana endirdiyi zərbələr nəticəsində mülki infrastruktur dağıdılıb və çoxsaylı insan tələfatı qeydə alınıb:
"Buna cavab kimi Pakistan dərhal hərbi əməliyyatlara başlayaraq beş Hindistan qırıcı təyyarəsini vurduğunu və Kəşmir bölgəsindəki mövqelərini artilleriya atəşinə tutduğunu bildirib. Gecə saatlarında başlayan və hələ də davam edən qarşıdurmalar fonunda Pakistan ordusu sərhədə yaxın ərazilərə hərbi texnika və tank kolonlarını yerləşdirib. Bu gözlənilməz və sərt cavab Hindistanı çaşqın vəziyyətə salıb və onu vəziyyəti yumşaltmaq üçün regional ölkələr, xüsusilə Birləşmiş Ərəb Əmirlikləri ilə təmas qurmağa vadar edib”.
Politoloq vurğulayıb ki, hazırda Hindistan və Pakistan arasında baş verən münaqişə həm diplomatik, həm də hərbi baxımdan kritik mərhələyə çatıb:
"Mövcud vəziyyət şübhəsiz ki, həssas və yüksək riskli bir fazaya daxil olub. Hindistan Hərbi Hava Qüvvələri Pakistan ərazisində iddia etdiyi terrorçu hədəflərə zərbə endirməsi nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla mülki şəxslər həyatını itirib. Pakistanın müxtəlif şəhərlərində və Azad Cammu və Kəşmir bölgəsində mülki infrastruktura ciddi ziyan dəyib. Bu hadisələr beynəlxalq hüquq və humanitar normalar baxımından ciddi suallar doğurur.
Pakistan cavab olaraq sürətli və proporsional hərbi tədbirlər görərək, Hindistanın hücum əməliyyatlarında iştirak edən hərbi obyektlərini hədəf alıb. Rəsmi İslamabad bəyan edib ki, həyata keçirilən əməliyyatlar yalnız hərbi obyektlərə yönəlib və mülki hədəflərdən yayınmağa xüsusi diqqət yetirilib. Vurulmuş Hindistan təyyarələri və məhv edilmiş hərbi mövqelərlə bağlı məlumatlar yayılsa da, döyüş bölgəsində şəraitin mürəkkəbliyi bu məlumatların müstəqil şəkildə yoxlanmasını çətinləşdirir”.
Hindistan yol axtarır
Politoloq qeyd edib ki, Pakistanın hərbi reaksiyası hər zaman qətiyyətli və məqsədyönlü, eyni zamanda ölçülü olub. Məqsəd münaqişəni nəzarətdən çıxarmaq deyil, Hindistanın mülki ərazilərə yönəlmiş sərhədyanı zərbələri ilə pozulmuş çəkindirmə balansını bərpa etməkdir:
"Pakistan yalnız hücum əməliyyatlarında iştirak edən hərbi hədəfləri vurmaqla öz ərazisini müdafiə etmək niyyətində olduğunu, lakin gərginliyi daha da artırmaq istəmədiyini göstərdi. Məhz bu tarazlıq Pakistanın mövqeyini anlamaqda əsas açardır. Cavab Hindistanı qərarını yenidən gözdən keçirməyə vadar etmək üçün atılıb, regionu müharibəyə çəkmək üçün yox. Eyni zamanda, vəziyyət hələ də gərgin olaraq qalır.
Hindistan daxildə ciddi siyasi təzyiqlərlə üzləşir və bu ölkə tez-tez daxili çətinlik və ya seçki dövrlərində hərbi güc nümayiş etdirməyə çalışır. Əgər Hindistan Pakistanın təmkinini zəiflik kimi qiymətləndirərsə və ya siyasi ritorika strateji düşüncəni üstələyərsə, bu, daha geniş qarşıdurmaya yol aça biləcək növbəti addımlara səbəb ola bilər. Lakin Pakistanın cavab zərbələrinin, xüsusilə də təyyarələrin vurulması ilə bağlı xəbərlərin Hindistanın qərar vermə prosesində yeni hesablamalara səbəb olduğu görünür.
Pakistanın genişmiqyaslı hərbi səfərbərliyi və hava hücumundan müdafiə hazırlığı nəzərə alındıqda, Hindistanın bundan sonra nəticəsiz şəkildə hərəkət edə biləcəyini düşünməsi ağılsızlıq olardı. Buna görə Hindistan artıq regiondakı digər ölkələrlə əlaqəyə keçərək gərginliyin azaldılması yollarını araşdırmağa çalışır. Daha genişmiqyaslı münaqişə riski tamamilə istisna olunmasa da, Pakistanın cavabı müəyyən bir “pauza” yaradıb, diplomatiyanın işə düşməsi üçün fürsət ortaya çıxıb".
“Hələ geri dönüşü olmayan nöqtəyə çatmayıb”
Asəf Nur bildirib ki, indi əsas məsələ hər iki tərəfin bir-birinin niyyətlərini necə oxumasından asılıdır:
“Əgər Pakistan eskalasiyadan qaçaraq müdafiə niyyətini aydın şəkildə bildirməyə davam edərsə və beynəlxalq tərəfdaşlar dialoqa təkan verərsə, Hindistan Pakistanın iradəsini bir daha yoxlamaqdansa, geri çəkilməyi seçə bilər. Qarşıdakı bir neçə gün bu prosesin necə inkişaf edəcəyini müəyyənləşdirəcək. Birləşmiş Ərəb Əmirlikləri kimi neytral dövlətlərin vasitəçilik səyləri bu gün də çox önəmlidir və əgər tez və səssiz şəkildə işə salınsa, konkret nəticələr verə bilər.
Vəziyyət həddindən artıq gərgindir, amma hələ geri dönüşü olmayan nöqtəyə çatmayıb. Pakistanın cavab zərbələri dəqiq idi və mülki obyektlərə tuşlanmayıb, bu da onu göstərir ki, İslamabad diplomatik yollarla gərginliyin azaldılmasına hələ də imkan buraxır. Bu, üçüncü tərəf vasitəçiliyi üçün imkanların hələ də mövcud olduğunu göstərən əsas göstəricidir. BƏƏ-nin həm Yeni Dehli, həm də İslamabadla mövcud rabitə kanalları var və bu kanallar əvvəllər də Cənubi Asiya böhranlarında səssiz, lakin konstruktiv rol oynamışdır.
Onların yanaşması adətən aşağı profilli olur, ictimaiyyət qarşısında vasitəçilikdən çox, səfər diplomatiyası və arxaqapı mesajlarına əsaslanır. Bu yanaşma hazırda Pakistanın mövqeyi ilə üst-üstə düşür: ölkə suverenliyini qorumaq istəyir, amma eyni zamanda, əgər çəkindirmə təsiri bərpa olunarsa, gərginliyi azaltmaq üçün Pakistan dialoqa açıqdır.
BƏƏ kimi vasitəçilərin əsas vəzifəsi Pakistanın verdiyi əsas mesajın, yəni müharibə istəmədiyi, lakin özünü müdafiə edəcəyinin Hindistan tərəfindən doğru başa düşülməsi və qəbulunu təmin etməkdir. İkinci vacib məsələ isə birbaşa olmasa belə, hərbi strukturlar arasında təmasların bərpasına təşviq etməkdir ki, yerlərdə verilən siqnalların yanlış yozulmasının qarşısı alınsın".
Vaxt məhduddur
Asəf Nurun sözlərinə görə, dünyanın əsas paytaxtlarında sabitliyə ehtiyac artır, çünki başqa bölgələrdəki münaqişələr artıq kifayət qədər diqqət çəkir:
"Bu da BƏƏ kimi ölkələr üçün həm hörmət edilən, həm də təsirli müdaxilə imkanlarını genişləndirir. Əgər BƏƏ, Çin, Səudiyyə Ərəbistanı, hətta ABŞ kimi aktorlarla koordinasiyalı şəkildə hərəkət etsələr, gərginliyin azaldılması üçün ortaq mövqe formalaşdıra və qısamüddətli etimad tədbirlərinin təmininə nail ola bilərlər.
Amma vaxt məhduddur. Hər keçən gün ehtiyatlılıq göstərilməzsə, təsadüfi toqquşma və ya yanlış hesablamaların baş verməsi riski artır. Qarşıdakı addımlar müəyyən edəcək ki, qarşıdurmanın qarşısını almaq üçün dönüş nöqtəsi, yoxsa uzunmüddətli qarşıdurmaya aparan bir sürüşmə olacaq. Vasitəçilik hələ də mümkündür, amma bu proses dərhal başlamalı, etibarlı olmalı və regionun əsas gücləri tərəfindən dəstəklənməlidir"
“Suverenlik "qırmızı xətti" aşılarsa…”
Politoloqun fikrincə, Hindistan və Pakistan arasında cərəyan edən hadisələr Cənubi Asiyanın strateji tarazlığı baxımından ciddi əhəmiyyət daşıyır. Pahalqam insidentindən sonra yaranan gərginlik hər iki ölkənin çəkindirmə siyasətinə yanaşmasında nəzərəçarpacaq dəyişiklik yaradıb:
“Hindistanın öz hava məkanından çıxmadan Pakistanın mülki bölgələrini hədəf alması, gələcəkdə sərhədi keçmədən də uzaqdan hücumlar həyata keçirə biləcəyinə dair yeni bir presedent yaratdı. Pakistanın dərhal və sərt cavab verməsi, o cümlədən bir neçə Hindistan qırıcı təyyarəsinin vurulması, tarazlığı bərpa etmək üçün atılmış bir addım idi. Bu, Pakistanın hələ də inandırıcı çəkindirmə qabiliyyətinə sahib olduğunu və əgər suverenlik "qırmızı xətti" aşılarsa, qətiyyətlə hərəkət etməyə hazır olduğunu göstərir.
Bu hadisə hər iki ölkənin gələcək hərbi planlamasında uzunmüddətli təsir göstərəcək. Pakistan üçün, bu, inteqrasiya olunmuş hava hücumundan müdafiə sistemlərinin, dəqiq cavab doktrinasının və erkən xəbərdarlıq sistemlərinin nə qədər vacib olduğunu bir daha ortaya qoyur. Hindistan isə hücum kampaniyasının nəticələri ilə bağlı daxili suallarla üzləşir, xüsusilə də Rafale kimi əsas təyyarələrin Pakistanın hava-hava müdafiə sistemləri tərəfindən sıradan çıxarılması xəbəri fonunda.
Bu, Hindistanın Qərbdən aldığı silah sistemlərinə olan etimadını sarsıda bilər və nəticədə onun hərbi doktrinasını və texniki təchizatını yenidən qiymətləndirməsinə səbəb ola bilər. Strateji baxımdan, Pakistan cavab zərbələri vurarkən regional və beynəlxalq səviyyədə ciddi əks reaksiyalar almaması onun hələ də təhlükəsizlik təhdidlərinə qarşı cavab verərkən beynəlxalq legitimliyə sahib olduğunu göstərir. Bu, xüsusilə Hindistanın ilkin ittihamlarından sonra Pakistanın nümayiş etdirdiyi təmkinli mövqeyə nəzər saldıqda daha da önəmli olur.
Pakistan burada həm təhdidləri neytrallaşdırmaq, həm də diplomatik dialoq üçün qapıları açıq saxlamaq istəyir. Bölgə miqyasında isə bu gərginliklər mövcud siyasi qütbləşmələrə dərindən təsir edə bilər. Çin bu hadisəni Hindistanla Qərb arasında möhkəmlənən hərbi əlaqələrə qarşı Pakistanla qurduğu müdafiə ittifaqının vacibliyinə dair bir sübut olaraq görəcək.
Körfəz ölkələri, xüsusilə BƏƏ və Səudiyyə Ərəbistanı isə, Hindistan və Pakistanla olan balanslı münasibətlərini necə idarə etməli olduqlarını yenidən nəzərdən keçirmək məcburiyyətində qala bilərlər. ABŞ isə ehtiyatlı yanaşsa da, Hindistanın real hərbi qarşıdurma şəraitində necə performans göstərdiyini diqqətlə izləyir. Bu da gələcəkdə silah satışlarına, birgə hərbi təlimlərə və Hindistanın Hind-Sakit Okean bölgəsindəki strateji tərəfdaş roluna dair inam səviyyəsini təsir edə bilər.
Baş verənlər Cənubi Asiyada böhran sabitliyinin nə qədər kövrək olduğunu bir daha üzə çıxardı. Uzunmüddətli perspektivdə isə bu vəziyyət həm regional, həm də regiondan kənar dövlətlərin, iki nüvə dövləti arasında rəsmi böhran idarəetmə mexanizminin yaradılması üçün təzyiqlərini sürətləndirə bilər. Strateji tarazlıq sarsılsa da, hələ tamamilə pozulmayıb. Hər iki ölkənin növbəti addımları bu gərginliyin sadəcə məhdud bir epizod olaraq qalacağını, yoxsa bölgədə davamlı hərbi və diplomatik yenidənqurma prosesinin başlanğıcı olacağını müəyyən edəcək”.
Səbinə Uğur
"Cebheinfo.az"