Baş prokuror Türkiyə səfiri ilə görüşüb - FOTOLAR

Baş prokuror Türkiyə səfiri ilə görüşüb - FOTOLAR

İyunun 25-də Baş prokuror Kamran Əliyev Türkiyə Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Birol Akgün ilə görüşüb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Baş prokuror iki ölkənin prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın uzaqgörən xarici siyasətləri nəticəsində Azərbaycan-Türkiyə əlaqələrinin etibarlı strateji əməkdaşlıq səviyyəsinə yüksəldiyini, dostluq və qardaşlıq prinsiplərinə əsaslandığını xüsusi qeyd edib.

Kamran Əliyev ikitərəfli əməkdaşlığın inkişafında ölkələrimizin prokurorluq, ədliyyə və məhkəmə orqanları arasında keçirilmiş çoxsaylı görüşlərin və beynəlxalq tədbirlər çərçivəsində qurulan səmərəli dialoqun mühüm rol oynadığını vurğulayıb. O, ötən il Bakıda təşkil olunmuş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP29) çərçivəsində keçirilmiş yüksək səviyyəli sessiya və Beynəlxalq Prokurorlar Assosiasiyasının 29-cu illik konfransında Türkiyə prokurorluğunun nümayəndə heyətinin iştirakını xüsusilə qeyd edib.

Səfir Birol Akgün görüşdə qəbula görə təşəkkürünü bildirərək, ölkələrimiz arasındakı qardaşlıq münasibətlərinin dövlət başçılarının apardıqları uğurlu siyasət nəticəsində ən yüksək səviyyəyə çatdığını və əlaqələrin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Görüşdə həmçinin hüquqi yardım, ekstradisiya, məhkumların verilməsi və digər hüquqi əməkdaşlıq məsələləri barədə ətraflı fikir mübadiləsi aparılıb.

Sonda Baş prokuror Kamran Əliyev səfirə yeni fəaliyyətində uğurlar arzulayaraq, qarşılıqlı əməkdaşlığın bundan sonra daha da inkişaf edəcəyinə əminliyini ifadə edib.

"Cebheinfo.az"