Bakıda kirayə ev tapılmayacaq: Qiymətlər isə...

Bakının Binəqədi, Sabunçu və Suraxanı rayonlarında istismar müddəti başa çatmış, təhlükə yaradan binaların sökülməsi ilə bağlı növbəti mərhələyə start verilib.
Söküntü prosesinin həyata keçirilməsi üçün təhlil və texniki sənədlərin hazırlanması üzrə podratçı təşkilat artıq müəyyən edilib.
Bu məqsədlə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ərazi Tikinti-Planlaşdırma Mərkəzi ilə "Archico Project" MMC arasında müqavilə imzalanıb. Şirkət seçilmiş ünvanlarda söküntü işlərinin planlaşdırılması, texniki əsaslandırma və layihə-smeta sənədlərinin hazırlanmasını həyata keçirəcək.
Söküntü işlərinin nəzərdə tutulduğu təqribi ünvanlar bunlardır:
Sabunçu rayonu - Babək küçəsi ev 23, M.Frunze küçəsi ev 16, 6-cı Mədən küçəsi ev 38, Məmmədəliyev küçəsi ev 32, Suraxanı rayonu - Xanlar Ələkbərov küçəsi ev 87, Binəqədi rayonu - Ağa Nemətulla küçəsi, ev 13 və Dəmiryol küçəsi, ev 19. Bu proseslər paytaxtda yaşayış təhlükəsizliyinin artırılması və köhnəlmiş tikililərin yenilənməsi məqsədilə həyata keçirilən genişmiqyaslı proqram çərçivəsində aparılır.
Məlumdur ki, kirayə mənzil qiymətlərinin artmasına müxtəlif səbəblər öz təsirini göstərir. Yeni söküntü ilə bağlı kirayə mənzil bazarında qiymət artımı olacaqmı?
Məsələ ilə bağlı daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev “Cebheinfo.az”-a bildirib ki, kirayə mənzil bazarında qiymət artımına müxtəlif səbəblər təsir göstərir:
“Onlardan biri əmlakların satış qiymətlərinin artması və bu səbəbdən kirayə qiymətlərinin yüksəlməsidir. Başqa bir səbəb odur ki, paytaxt ərazisində köhnə tikili binalar söküldükcə bazardan ucuz qiymətə olan mənzillər çıxmış olur. Həmin binalarən yerində yeniləri inşa olunur. Yeni tikili binalarda isə mənzillərin kirayə qiyməti əraziyə görə köhnə binalardan təqribən iki dəfəyə qədər daha baha olur”.
Digər tərəfdən də evləri sökülən sakinlərin özləri məcburən artıq yeni binalardan mənzil verilənə qədər kirayədə qalmalı olurlar:
“Bu baxımdan Bakı ərazisindəki kirayəlik mənzillərin böyük hissəsi artıq tələbələr deyil, paytaxt sakinləri tərəfindən kirayələnmiş olur. Bu kimi səbəblər artıq kirayə mənzil bazarında növbəti illərdə də qiymət artımına gətirib çıxaracaq. Bakının Baş Planı artıq təsdiq olunub.
Bakı 2040-cı ilədək Baş Planda olan formada olacaq. Bu da onu deməyə əsas verir ki, 2040-cı ilə qədər, yəni yaxın 15 ildə paytaxt ərazisində onlarla, bəlkə də yüzlərlə köhnə çoxmənzilli yaşayış binaları söküləcək ki, bu da onların söküntüsü zamanı o binlardakı ucuz kirayə mənzillərinin kirayə bazarından çıxmasına gətirib çıxaracaq”.
Kirayə qiymətlərinə gəldikdə isə ekspert deyir ki, hazırda bu rəqəmlər müxtəlifdir:
“Təxminən 4-5 il bundan əvvəllə müqayisədə 25-30 faiz artım var. Bu da əvvəlki illərdə həm də mənzillərin satış qiymətinin artması ilə əlaqədardır. Çünki mənzillərin kirayə qiyməti onların satış qiymətinin 0,5 faizini təşkil edir.
Məsələn, “xuruşşovka” birotaqlı ev təxminən 8 il əvvəl 70 min manata idisə, onun kirayə qiyməti 300 manat təşkil edirdisə, bu gün o mənzilin satış qiyməti 90-100 min manatdır ki, onun kirayə qiyməti də 400-500 manat arasında dəyişir. Kirayə qiymətləri əraziyə görə dəyişə bilir”.
Nigar Abdullayeva
“Cebheinfo.az”