Hibrid təhdidlər insan hüquqlarının və beynəlxalq hüququn pozulması deməkdir - FOTOLAR

Hibrid təhdidlər insan hüquqlarının və beynəlxalq hüququn pozulması deməkdir - FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə  “Yeni Fikir” JHİB tərəfindən həyata keçirilən “Hibrid təhdidlərə qarşı yerli mediada iş” layihəsi çərçivəsində Balakən şəhərində keçirilən  dəyirmi masanı giriş sözü ilə  açan İctimai Birliyin sədri və  layihənin rəhbəri Elmira Mehdiyeva  iştirakçıları layihənin məqsəd və məramı ilə ətraflı tanış etdi.

"Cebheinfo.az" xəbər verir ki, İctimai Birliyin sədri daha sonra bildirdi ki, milli və mənəvi dəyərlərimizin qorunmasına, gəncliyimizin milli dəyərlər ruhunda yetişdirilməsinə, ideoloji təxribatların qarşısının alınmasına  qazandığımız böyük qələbədən sonra daha çox ehtiyac vardır. Bu, bütövlükdə cəmiyyətin üzərində köklənməli olduğu bir məsələdir. Ona görə İctimai Birliyimiz də bu vəzifəni üzərinə götürərək üç rayonda Zaqatala, Qax və Balakən rayonlarında maarifləndirici tədbirlər həyata keçirir.

Təlimçi İbrahim İbrahimov çıxış edərək bildirmişdi ki, Azərbaycana qarşı hibrid təhdidlər insan hüquqlarının və beynəlxalq hüququn pozulması deməkdir. Xalqımız bu cür əməllərin mahiyyətinə yaxşı bələddir, eləcə də erməni təəssübkeşliyi çəkən xarici dairələrin sifarişi ilə Qərb mətbuatında irəli sürülən iftiraların, ikili standartlar siyasətinin dəfələrlə şahidi olub. Xarici dairələrin ədalətdən və insan hüquqlarından danışmağa mənəvi haqları yoxdur. Çünki onlar Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizinin 30 ilə yaxın müddətdə Ermənistan tərəfindən işğal altında saxlanılması, faktlarına bilərəkdən göz yummuşlar.

Xarici dairələr Ermənistanı beynəlxalq hüquqi norma və prinsiplərin tələblərinə riayət edib Azərbaycanla sülh müqaviləsi imzalamağa çağırmaqdansa, tamamilə fərqli mövqe tutur. Onlar Ermənistanda revanşist meyilləri gücləndirməklə regionda yenidən münaqişənin alovlandırılmasına çalışırlar.

“Dəyirmi masa” iştirakçılarından Xalisə Mollayeva, Ləman Layıcova, NurlanŞibeyev, Osman Əliyev, Leyla Hudulova və başqaları çıxış edərək öz fikirlərini bildirmiş və qeyd etmişlər ki, 44 günlük müharibədəki tarixi qələbədən sonra Azərbaycan işğaldan azad olunmuş torpaqlarda quruculuq və bərpa işləri aparır. Böyük qayıdış böyük uğurla davam edir. Təbii ki, Ermənistanın arxasında dayanan ölkələr bundan əvvəl olduğu kimi indi də bizim uğurlarımızla barışa bilmirlər. Bu uğurlarımıza xələl gətirmək üçün hər cür təxribata əl atırlar. Bir xalq olaraq bizlər yenə də dövlətimizin arxasındayıq. İdeoloji təxribatların birliyimizi pozmasına imkan verməyəcəyik.

Gənclər müzakirələrdə fəal iştirak edərək ekspertlərə müxtəlif suallar ünvanlamışlar.

"Cebheinfo.az"