“8 Noyabr”: “Qələbəmizin rəmzidir”

“Beş ildir ki, Azərbaycanda sülh tam təmin edilib və əlbəttə ki, hüdudlarımızın kənarında da nə qədər tez sülh təmin edilərsə, bir o qədər həm o ölkələr üçün, həm təbii olaraq, bizim üçün də yaxşı olacaq”.
Bu sözləri Prezident İlham Əliyev iyunun 24-də Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının açılış mərasimində çıxışı zamanı deyib.
Dövlətimizin başçısı vurğulayıb ki, bu gün bizim ölkəmiz sabitlik, inkişaf, tərəqqi məkanı kimi dünya miqyasında tanınır:
“Bu adı biz öz əməyimizlə, zəhmətimizlə, düşünülmüş siyasətlə qazanmışıq. Bu gün bu stansiyanın adının seçilməsi də çox vaxt aparmadı. Təklif edilən variantlar arasında “8 Noyabr”ı mən seçdim.
Çünki bu, bizim şanlı Zəfərimizin tarixidir. Zəfər xalqımıza, dövlətimizə yaraşır. Əminəm ki, bu stansiyanın ömrü uzun və fəaliyyəti uğurlu olacaq”.
Qeyd edək ki, 8 noyabrın Azərbaycan tarixində çox böyük bir yeri var. Bu tarix xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazılmış qələbə günüdür.
8 noyabr torpaqlarımızın işğaldan azad edildiyi, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyi gün kimi tarixə keçib. Bu tarix həm də xalqımızın və Ordumuzun gücünü özündə ehtiva edir.
Milli Məclisin deputatı Tahir Rzayev “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, Mingəçevirdə istifadəyə verilən “8 Noyabr” Elektrik Stansiyası rəmzi məna daşıyır:
“Bu, qələbəmizin rəmzidir və çox qürurvericidir. Çünki Mingəçevir bu gün ölkənin elektrik enerjisinin 40 faizini təmin edir. Həmçinin, “8 Noyabr” Elektrik Stansiyasının istifadəyə verilməsi nəinki Azərbaycanda, Cənubi Qafqazda elektrik enerjisi potensialının yüksəldilməsi baxımdan çox vacibdir.
Bu elektrik stansiyasının istifadəyə verilməsi Azərbaycanla yanaşı, digər region ölkələri üçün çox faydalıdır. Cənab Prezident İlham Əliyev də öz çıxışında bu stansiyanın istifadəyə verilməsilə enerji potensialımızın daha da güclənəcəyini bildirib. Yəni bu, həm də ölkəmizin qüdrətinin və imkanlarımızın bir ifadəsi kimidir”.
Millət vəkili diqqətə çatdırıb ki, artıq Azərbaycan enerji ixrac edən bir ölkəyə çevrilib:
“Azərbaycan əvvəllər elektrik enerjisini idxal edən bir ölkə idi. Ancaq bu gün ixrac edən ölkəyə çevrilib. Bu da ölkə rəhbərinin həyata keçirdiyi doğru siyasətin nəticəsidir. Üstəlik, enerji təhlükəsizliyinin və bu strategiyanın təməlini məhz Ulu Öndər Heydər Əliyev qoyub.
1974-cü ildə Ümumilli Liderin təşəbbüsü ilə Mingəçevirdə “Azərbaycan” İstilik Elektrik Stansiyasının təməli qoyulub və onun iştirakı ilə stansiyanın birinci bloku 1981-ci ildə istismara verilib.
Bu gün də Mingəçevirdə “8 Noyabr” Elektrik Stansiyasının belə açılması, tarixi və unudulmaz bir hadisədir. Həmin stansiyaya “8 Noyabr” adının verilməsi isə Silahlı Qüvvələr Günü ərəfəsində ölkəyə bir ərmağandır. Çünki biz qələbələrimizlə qürur düyuruq”.
Tahir Rzayev bildirib ki, sözügedən stansiyanın “8 Noyabr” adlanmasının əhəmiyyəti çox böyükdür:
“Tarixə həkk olunan qələbələrimizin təbliğini çox yüksək qiymətləndiririk. Azərbaycan xalqı hər bir qələbə günümüzlə fəxr edir. “8 Noyabr” Elektrik Stansiyasının belə möhtəşəm şəkildə açılması Azərbaycanın qüdrətli və iqtisadi cəhətdən inkişaf edən bir dövlət olduğunun təzahürüdür.
Bizim nailiyyətlərimiz artdıqca, ölkəmizin beynəlxalq ələmə çıxışı daha yüksək səviyyədə təmin olunur. Əlbəttə ki, bütün bunlar da bilavasitə insanların xoşbəxt gələcəyinə və ölkənin inkişafına hesablanır”.
Elmir Mustafa
“Cebheinfo.az”