Hakimiyyət savaşı yeni mərhələdə

Ermənistanın Baş naziri Nikol Paşinyan Müqəddəs Eçmiədzin Ana Patriarxlığının azad edilməsi və Katolikosluğa yeni seçkilərin keçirilməsi üçün fəal tədbirlərin görülməsini zəruri sayır.
Nikol Paşinyanın son açıqlamaları bir daha göstərir ki, ölkə daxilində təkcə siyasi deyil, həm də dini meydanda ciddi qarşıdurma yaşanır. Paşinyan Müqəddəs Eçmiədzin, yəni Erməni Apostol Kilsəsinin əsas dini mərkəzi ilə bağlı köklü dəyişikliklərə getmək istədiyini açıq şəkildə bəyan edib.
O, katolikosun dəyişdirilməsini və bu məqsədlə “mömin, dua edən, oruc tutan” şəxslərdən ibarət xüsusi bir koordinasiya qrupunun yaradılmasını təklif edir. Maraqlıdır ki, bu təşəbbüs sırf dini islahat kimi təqdim olunsa da, əslində, Paşinyanın daxili siyasi rəqiblərinə o cümlədən, uzun illərdir ona qarşı çıxan kilsəyə qarşı atdığı açıq addım kimi görünür.
Lakin bu təşəbbüs sadəcə dini islahat təşəbbüsü kimi deyil, eyni zamanda Ermənistan daxilində gedən daha geniş siyasi mübarizənin bir hissəsi kimi də şərh olunur. İllərdir Paşinyana qarşı sərt mövqe tutan və onun xarici siyasi kursuna qarşı çıxan Erməni Apostol Kilsəsi indi birbaşa hədəfə çevrilir. Katolikos ömürlük seçildiyi üçün Paşinyanın bu prosesi necə həyata keçirəcəyi, hansı hüquqi və sosial alətlərdən istifadə edəcəyi hələlik qeyri-müəyyəndir. Amma görünən odur ki, Baş nazir kilsə daxilində özünə tərəfdar qazanmaqla bu mübarizədə üstünlük əldə etməyə çalışır.
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Mətin Məmmədli "Cümhuriyət"-ə açıqlamasında Nikol Paşinyanın kilisə ilə mübarizəsini diqqət yayındırmaq məqsədi daşıdığını düşünmədiyini bildirib. Onun sözlərinə görə, bu, Ermənistan daxilində mövcud olan mürəkkəb siyasi mühitin, münasibətlərin və hakimiyyət uğrunda gedən kəskin mübarizənin bir hissəsidir:
"Nəzərə almaq lazımdır ki, 2026-cı ildə Ermənistanda parlament seçkiləri keçiriləcək və artıq bir neçə ildir ki, Erməni Apostol Kilsəsi Paşinyana qarşı mübarizənin əsas mərkəzlərindən biri kimi çıxış edir. Fikrimcə, Paşinyan bu addımları atmaqla ilk növbədə erməni kilsəsini özünə tabe etdirmək istəyir.
Tarix boyu erməni kilsəsi yalnız dini yox, həm də siyasi mərkəz kimi fəaliyyət göstərib. O, təkcə ermənilərin deyil, eyni zamanda Rusiya imperiyasının maraqlarını təmin edən bir qurum kimi tanınıb. Eçmiədzinin məhz imperiya dövründə formalaşmasında da Rusiya mühüm rol oynayıb. Bu gün Paşinyanın yaxın ətrafında olan şəxslər də erməni kilsəsini Rusiyaya bağlılıqda ittiham edir və bu ittihamların arxasında müəyyən əsasların olduğu görünür".
Politoloq qeyd edib ki, erməni kilsəsi siyasi proseslərdə daim fəal iştirak edib. Xüsusilə də "Miatsum" ideyasının yayılması və Azərbaycanın ərazilərinin işğalı prosesində kilsə mənfi rol oynayıb və bu günə qədər də ölkəmizə qarşı mövqeyini dəyişməyib:
“Məhz bu səbəbdən Paşinyan kilisəni öz əsas siyasi rəqiblərindən biri kimi görür və onu nəzarət altına almağa çalışır. Burada əsas suallardan biri də budur ki, Paşinyan bu məqsədinə nə dərəcədə nail ola biləcək? Çünki erməni kilsəsinin ümumilikdə erməni cəmiyyətində kifayət qədər dayaqları və tərəfdarları var.
Qeyd edək ki, erməni katolikosu ömürlük seçilir və onu vəzifədən kənarlaşdırmağın yalnız iki yolu var: ya vəfat etməli, ya da özü istefa verməlidir. Görünən odur ki, Paşinyan kilisə daxilində özünə tərəfdar, müttəfiq axtarır. Əgər episkoplar və digər dini şəxslər arasında dəstək tapa bilsə, bəlkə də məqsədinə müəyyən qədər nail ola bilər.
Əgər belə bir dəstək formalaşmazsa, Eçmiədzin kilsəsi daxilində onun bu planını həyata keçirmək xeyli çətin olacaq. Nəticə etibarilə, mən baş verənləri Ermənistan daxilindəki hakimiyyət uğrunda gedən siyasi mübarizənin bir elementi kimi görürəm".
Səbinə Uğur
“Cebheinfo.az”