Putin Ermənistana “daha ağır top”la girir

Baş nazir Nikol Paşinyan dünən günə bütün ermənilərin katolikosuna ünvanladığı növbəti “Facebook” statusu ilə başlayıb.
“Mənim fikrimcə, bütün dövrlərin katolikosu danılmaz bir nüfuz, ədalətin sarsılmaz müdafiəçisi, mübahisəsiz həqiqət mənbəyidir. Mən bütün ermənilərin katolikosunun həqiqətin boğucusu kimi çıxış edə biləcəyinə, bütün ermənilərin katolikosunun dilindən həqiqətdən başqa bir şey çıxa biləcəyinə inana bilmirəm. Qoy II Qaregin özü aydınlaşdırsın ki, o, subaylıq andını pozubmu, yoxsa övladı varmı?”,-deyə Paşinyan qeyd edib.
Bununla da Paşinyan və hökumət arasında siyasi çəkişmə növbəti və daha gərgin mərhələyə daxil olub. 2026-cı ildə keçiriləcək parlament seçkilərində Eçmiədzin kilsəsinin revanşist müxalifətə dəstək verəcəyi gözlənilirdi. Hətta son günlər arxiyepiskop Baqrat Qalstanyanın yenidən bəyanatlarla çıxış etməsi kilsənin Paşinyana qarşı mübarizənin mərkəzində yer alacağından xəbər verir. Ona görə də Paşinyan Eçmiədzin kilsəsini və katolikos II Qaregini hədəf almaqla qabaqlayıcı addım atır. Lakin o, kilsəyə qarşı birbaşa inzibati orqanlardan istifadə edə bilmir.
Ermənistan konstitusiyası hökumətə kilsənin işinə birbaşa müdaxilə etmək səlahiyyəti vermədiyindən, Baş nazir katolikosu, arxiyepiskopları və digər din xadimlərini mənəvi-əxlaqi dəyərlərə zidd getməkdə ittiham edir. Paşinyan onların bakirlik ənənəsini pozduğunu, qanunsuz övlad dünyaya gətirdiklərini iddia edir. Bununla da kilsədə aparıcı mövqe tutan şəxsləri cəmiyyətdə nüfuzdan salmağa çalışır. Ancaq Paşinyanın uzaq hədəfi təzyiqlərlə II Qareginin könüllü istefasına nail olmaq, sonra onun yerinə öz adamını gətirməkdir.
Ermənistanın Baş naziri II Qaregin Rusiyanın siyasi sifarişini yerinə yetirdiyini bəyan edib. Bununla da Paşinyan seçkilər öncəsi baş verəcək siyasi proseslərdə kilsənin xarici ölkələrə casusluq fəaliyyəti göstərəcəyinə dair preventiv rəy yaradır. “Hraparak” qəzeti isə yazır ki, Paşinyanın, onun həyat yoldaşının və “Vətəndaş Müqaviləsi” Partiyasının bəzi üzvlərinin kilsə əleyhinə kampaniyası hakim dairələrdə fikir ayrılığına səbəb olub:
“Parlament fraksiyasının əksəriyyəti kilsəyə qarşı atılan addımlarla razılaşmasa da, bu barədə danışmağa cəsarət etmir. Paşinyan ruhanilərə münasibətini əsaslandırmaq üçün öz komandasında Rusiyanın ötən il Baqrat Qalstanyan, indi isə Müqəddəs Eçmiədzinin Ana taxt-tacı vasitəsilə erməni apostol kilsəsinə hakimiyyətlə mübarizə əmri verdiyi barədə ehtimalı dövriyyəyə buraxıb”.
Eçmiədzin kilsəsi Paşinyanın ittihamlarını təkzib etməsə də, Ali Ruhani Şurasının diasporla birlikdə Paşinyana qarşı birgə iclas keçirməsi bu ziddiyyəti daha da alovlandırıb. Lakin rəsmi Moskvanın Rus Provaslav Kilsəsi vasitəsilə Erməni Ortadoksal Kilsəsinə siyasi təsirinin güclü olduğu faktdır.
Müşfiq Abdulla
“Cebheinfo.az”