Çövkən üzrə Azərbaycan milli komandası Avropa çempionu olub - VİDEO

Çövkən üzrə Azərbaycan milli komandası Avropa çempionu olub - VİDEO

İyunun 7-də Polşada Beynəlxalq Çövkən Federasiyasının təşkilatçılığı ilə keçirilən çövkən üzrə Avropa çempionatının final qarşılaşması baş tutub.

"Cebheinfo.az" xəbər verir ki, yarışmada Azərbaycan milli komandası ilk dəfə Avropa çempionu olub.

Final oyununda Azərbaycan yığması Malta komandası ilə qarşılaşıb, 6:2 hesabı ilə inamlı qələbə qazanıb. Bu nəticə ilə komandamız turnirin kubokuna sahib çıxaraq çövkən tarixində yeni bir səhifə açıb.

Qeyd edək ki, Avropa Çempionatı iyunun 5-də start götürüb. Turnirdə 6 ölkə – Azərbaycan, Türkiyə, Macarıstan, Malta, Polşa və Böyük Britaniya iştirak edir. Azərbaycan milli komandasının ilk oyunu püşkatma nəticəsində 5 iyun tarixində Türkiyə çövkən yığması ilə olub, komandamız bu görüşdən 3:0 hesablı qələbə ilə ayrılıb.

6 iyun tarixində baş tutan yarım-final mərhələsində isə milli komandamız Macarıstan yığmasına qarşı mübarizədə üstünlüyünü davam etdirərək 4:0 hesablı qələbə qazanıb.

Xatırladaq ki, beynəlxalq çövkən təqviminə əsasən növbəti kontinental mötəbər yarışlar sentyabrın əvvəlində Özbəkistanda – Asiya, sentyabrın sonunda Nigeriyada – Afrika və noyabr ayında isə Buenos Airesdə – Cənubi Amerika çempionatları keçiriləcək.

"Cebheinfo.az"