Klublarımızın nə qədər izləyicisi var? - SİYAHI

Klublarımızın nə qədər izləyicisi var? - SİYAHI

Azərbaycan futboluna marağın az olması özünü hər cəhətdən biruzə verir.

Daxili çempionatda və ölkə kubokunda əksər hallarda stadionların boş qalması buna ən böyük nümunədir. 

Sadəcə klublarımız avrokuboklarda çıxış edəndə dolu tribunalar qarşısında oynayırlar. Son illərdə stadionlara gedən azarkeş sayında nisbətən artım müşahidə olunsa da, bu, kifayət qədər yüksək deyil. 

Azərbaycan futboluna marağın az olmasını sosial şəbəkələrdən də görmək mümkündür. Belə ki, xarici ölkə klublarının sosial şəbəkə səhifələri milyonlarla azarkeş tərəfindən izlənilir. Xüsusən də, "Instagram"da buna daha çox şahidlik edirik. 

Azərbaycan klublarının isə heç birinin "Instagram" səhifəsindəki izləyici sayı milyona çatmayıb. Nə qədər acı olsa da, xarici klubların paylaşımlarını bəyənənlərin sayı, yerli klublarımızın səhifələrini izləyənlərdən daha çoxdur. 

Bunu daha dəqiq görmək üçün "Cebheinfo.az" Azərbaycan klublarının "Instagram"dakı izləyici saylarını araşdırıb. 

Beləliklə, sözügedən sosial şəbəkədə ən çox izləyiciyə sahib klublarımız aşağıdakılardır:

1. "Qarabağ" - 724 min izləyici
2. "Neftçi" 124 min izləyici
3. "Sabah" - 62 min 500 izləyici
4. "Qəbələ" - 45 min 400 izləyici
5. "Zirə" - 38 min 900 izləyici
6. "Sumqayıt" - 33 min izləyici
7. "Səbail" - 24 min 400 izləyici
8. "Kəpəz" - 21 min 200 izləyici
9. "Turan Tovuz" - 21 min izləyici
10. "Şamaxı" - 14 min 100 izləyici. 

Maraqlıdır ki, uzun illərdir avrokuboklarda uğurla çıxış edən "Qarabağ"la digər komandaların izləyici sayında inanılmaz dərəcədə böyük fərq var. 

Hətta siyahıdakı 9 klubun izləyici sayını topladıqda Ağdam klubunun izləyicilərinin yarısı belə etmir... 

Elmir Mustafa 
"Cebheinfo.az"