Polisin bu xəbərdarlığı etiraza səbəb oldu

İspaniyanın cənubundakı Santa-Fe qəsəbəsində polis əməkdaşlarının səki və küçələrdə oturmaqla bağlı etdiyi xəbərdarlıq ciddi etiraza səbəb olub.
"Cebheinfo.az" xəbər verir ki, polis səki və küçələrin ictimai mülkiyyət olduğunu və insanların gec saatlarda çöldə oturaraq ətraf mühiti narahat etməmələri ilə bağlı çağırış edib.
Lakin bu çağırışı dəstəkləmək üçün istifadə olunan foto geniş müzakirələrə səbəb olub.Sözügedən paylaşımda səkidəki stullarda oturmuş altı yaşlı qadının fotoşəkili, küçələrdə stol və stullarda oturan insanların ətraf mühitə narahatlıq yarada biləcəyi xəbərdarlığı yer alıb.
Bu görüntü, İspaniyanın isti bölgələrində yay aylarında adət halını almış “tomar el fresco”, yəni “serin hava alma” ənənəsini təmsil edir. Polis paylaşımında isə bu ifadələr yer alıb:
“Bir çox qəsəbədə evin qarşısına stul və ya masa çıxarmaq ənənəvi sayıla bilər, amma ictimai yollar qanunla tənzimlənir. Əgər polis sizdən bunları yığışdırmağı xahiş edərsə, birgəyaşayış və qarşılıqlı hörmət naminə xahişi yerinə yetirin".
Amma paylaşımda istifadə edilən foto sosial mediada yaşlı insanların bu ənənəvi vərdişlərini hədəfə aldığı kimi şərh edilib. Bu isə güclü ictimai reaksiyaya səbəb olub.
Artan tənqidlərdən sonra Santa Fe bələdiyyə başçısı Xuan Kobo məsələ ilə bağlı açıqlama verərək, heç kim yaşlıların evlərinin qarşısında oturmasına qarşı çıxmadığını və paylaşımda niyyətin düzgün başa düşülmədiyini vurğulayıb:
“Heç kim yaşlılarımızın evdən çıxıb bir az serin hava almaq üçün qapı önündə oturmasına mane olmur.
Bu xəbərdarlıq, bu bəhanə ilə küçəni bağlayıb manqalda ocağı alışdıran, gitar çalıb yüksək səslə əylənən şəxslərə yönəlib”.
Əfsanə Rəcəb
"Cebheinfo.az"