Qalibaf: “Onlar kameralar qarşısında gülümsəyir, amma...”

İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf Vaşinqtonun son nüvə təklifində sanksiyaların yumşaldılmasına dair heç bir istinadın olmadığını deyib.
O, ABŞ-nin mövqeyini “ziddiyyətli və məcburedici” adlandırıb.
“Cebheinfo.az” bu barədə “Mehr”-ə istinadən yazır.
İran parlamentinin spikeri ABŞ-nin nüvə müzakirələrindəki son təklifini tənqid edərək deyib ki, bu təklif sanksiyaların yüngülləşdirilməsinə heç bir istinad etmir.
Qalibaf vurğulayıb ki, İran parlamenti tərəfindən qəbul edilmiş Sanksiyaların Ləğv edilməsi üzrə Strateji Fəaliyyət Planına uyğun olaraq, İslam Respublikası nüvə proqramının dinc xarakter daşıdığını nümayiş etdirməklə etimad yaratmağa tam hazırdır:
“Ancaq bu, real sanksiyaların aradan qaldırılması və maddi iqtisadi faydalar müqabilində olar”.
Qalibaf deyib:
“ABŞ-nin təklifində sanksiyaların ləğvindən bəhs edilməməsi Amerikanın nüvə danışıqlarına vicdansız və ziddiyyətli yanaşmasını açıq şəkildə göstərir. Onlar kameralar qarşısında gülümsəyir və iqtisadi faydalar haqqında danışırlar, lakin əslində onlar nəinki sanksiyaların ləğvindən yayınırlar, hətta bunu vəd etmirlər”.
Qalibaf, həmçinin ABŞ Prezidenti Donald Trampı tənqid edərək, onu “xəyalpərəst” adlandırıb və kursu dəyişməyə çağırıb. Qalibaf deyib ki, əgər Tramp həqiqətən razılaşmaya sadiqdirsə, o, İsraillə koordinasiyasından və Baş nazir Benyamin Netanyahunun uğursuz siyasətindən əl çəkməlidir.
ABŞ və İran aprelin 12-dən bəri nüvə danışıqlarının beş raundu keçirib və yeni razılaşmanın əldə olunmasına yönəlmiş danışıqlar üçün yenidən görüşəcəyi gözlənilir. İki ölkə arasında uranın zənginləşdirilməsi səviyyəsi ilə bağlı fikir ayrılığı var.
Xəzər
“Cebheinfo.az”