Valideynlərdən qızıl hədiyyə alan müəllimə töhmət QANUNSUZDUR?

“Bir müəllim dərsdən sonra, qeyri-iş günündə şagirdlərinin valideynləri ilə sosial xarakterli tədbirdə iştirak edib və onlardan bir təşəkkür hədiyyəsi qəbul etdiyi üçün ona töhmət verilir?
Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununa görə, müəllim şagirdlərin intellektual və mənəvi inkişafı üçün tədbirlər təşkil edə bilər. Heç bir qanun müəllimin məktəbdənkənar, könüllü görüş keçirməsini qadağan etmir. Eləcə də Etik Kodeks sadəcə tövsiyə xarakterlidir, “qadağandır” yazılmayıb. Hətta orada “çalışmalıdır” deyilir. Bu, hüquqi məsuliyyət doğurmur”.
“Cebheinfo.az” xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov deyib. O bildirib ki, müəllim dövlət qulluqçusu deyil, əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir:
“Hədiyyənin təzyiq vasitəsi olmadığı, qiymətləndirməyə təsir etmədiyi, sadəcə təşəkkür xarakterli olduğu halda bu məsələnin intizam məsuliyyəti kimi təqdim olunması qərəz və qanunsuzluqdur.
Əmək Məcəlləsinin 186-cı maddəsi deyir ki, töhmət yalnız əmək vəzifəsinin pozulması ilə verilir. Dərs olmayıb, iş günü olmayıb, vəzifə öhdəliyi olmayıb.
Bəs nəyə görə cəza? Müəllimləri qorumaq əvəzinə, onları özəl təşəbbüslərinə görə cəzalandırmaq bu cəmiyyətə nə qazandırır?
Müəllimə təşəkkürə görə cəza vermək təhsilə biganəlikdir. Biz bu yanaşma ilə təhsili inkişaf etdirə bilmərik.
Bu qədər müəllimin üstünə getmək, ona təzyiq etmək, hər addımda günahkar çıxarmaq olmaz. Onlar aylıq 300–500 manat maaşla sizin övladlarınıza həyat öyrədir. Bu insanlara nəinki cəza, əksinə, dəyər və qayğı göstərmək lazımdır. Bezdirib bu peşədən uzaqlaşdırmaq yox, ruhlandırmaq lazımdır”.
Məlumat üçün bildirək ki, sosial şəbəkələrdə Tovuz rayon Mərdan Musayev adına Əlimərdanlı kənd tam orta ümumtəhsil məktəbinin müəlliminə zinət əşyasının alınması ilə bağlı video yayılıb. Elm və Təhsil Nazirliyinin Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, video mayın 24-də qeyri-iş günü məktəbdənkənar ərazidə çəkilib, valideynlərin şəxsi təşəbbüsü ilə alınmış zinət əşyası müəllimə təqdim edilib.
Ancaq təhsilverənlərin etik davranış qaydalarına, eyni zamanda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və Regional Təhsil İdarəsi tərəfindən məktəblərə təqdim olunmuş müvafiq təlimatlara əsasən, müəllimlərə hər hansı qiymətli hədiyyə, maddi və ya qeyri-maddi nemətlərin və s. verilməsi yolverilməz hesab olunur".
İdarə valideynlərə bir daha müraciət edərək xatırladıb ki, müəllim əməyinə təşəkkür və dəyərin göstərilməsi mənəvi təşəkkür, əməkdaşlıq və hörmət çərçivəsində olmalıdır.
"Etik davranış qaydalarını pozduğuna görə müəllimə töhmət verilib".
Xəzər
“Cebheinfo.az”