Yeni səfir etimadnaməsini Prezidentə təqdim etdi - FOTOLAR

Yeni səfir etimadnaməsini Prezidentə təqdim etdi - FOTOLAR

Azərbaycan Prezidenti İlham Əliyev iyunun 15-də Koreyanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kımqu Kanqın etimadnaməsini qəbul edib.

"Cebheinfo.az" xəbər verir ki, səfir etimadnaməsini dövlət başçısına təqdim edib.

Sonra Prezident İlham Əliyev səfirlə söhbət edib.

Dövlət başçısı Azərbaycan ilə Koreya arasında münasibətlərin uğurlu inkişafına toxunaraq, siyasi əlaqələrimizin yaxşı səviyyədə olduğunu vurğulayıb, mütəmadi əsasda siyasi məsləhətləşmələrin və dialoqun aparıldığını qeyd edib. Prezident İlham Əliyev siyasi və iqtisadi-ticari əlaqələrin daha da inkişafı üçün geniş imkanların olduğunu deyib, bu xüsusda ölkəmizin sənayeləşmə, həmçinin Azərbaycanın regionlarının inkişafı proqramları çərçivəsində əməkdaşlıq məsələlərinə toxunub.

Kımqu Kanq Azərbaycana səfir təyin olunmasından məmnunluğunu ifadə edərək, 15 İyun - Milli Qurtuluş Günündə Prezident İlham Əliyev tərəfindən qəbul edilməsinin onun üçün böyük şərəf olduğunu deyib. Səfir Koreyanın ozamankı Prezidenti Ro Mu Hyunun ölkəmizə rəsmi səfərini, həmçinin Prezident İlham Əliyevin Koreyaya dövlət səfərini xatırlayıb və bu səfərlərin əlaqələrimizin inkişafına ciddi təkan verdiyini vurğulayıb.

Görüşdə ölkələrimiz arasında yüksək texnologiyalar, rəqəmsal transformasiya, elm, təhsil, o cümlədən peşə təhsili, tibb və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib.

Səfir Ələt Azad İqtisadi Zonasının Koreyanın biznes dairələri üçün maraqlı olduğunu deyib.

Söhbət zamanı Azərbaycanın siyasəti nəticəsində Cənubi Qafqaz regionunda sülh və sabitliyin təmin edildiyi diqqətə çatdırılıb, bu xüsusda Koreya yarımadasında da davamlı sülhün təmin olunacağına ümidvarlıq ifadə edilib.

 



"Cebheinfo.az"