Pentaqon İranın nüvə proqramına dair HESABAT YAYDI

Pentaqon İranın nüvə proqramına dair HESABAT YAYDI

ABŞ-də hazırlanan bir kəşfiyyat qiymətləndirməsinə görə, ABŞ-nin həftəsonu İranın üç nüvə obyektinə endirdiyi hava hücumları, İranın nüvə proqramının əsas infrastrukturunu məhv etməyib, ehtimal ki, yalnız bir neçə ay geri salıb.

"Cebheinfo.az" xəbər verir ki, məsələ ilə bağlı məlumatlı olan üç mənbə CNN-ə ABŞ-nin İranın nüvə obyektlərinə hücumları ilə bağlı erkən dövrə aid kəşfiyyat qiymətləndirməsi haqqında informasiya verib.

Mənbələr, İranın zənginləşdirilmiş uran ehtiyatlarının məhv edilmədiyini və sentrifuqaların əksəriyyətinin zədələnmədiyini bildirərək, “Buna görə də qiymətləndirmə, ABŞ-nin onları ən çox bir neçə ay geriyə saldığı istiqamətindədir” ifadəsini işlədib.

Beş səhifəlik olduğu bildirilən ilkin hesabatla bağlı “The New York Times”-a danışan mənbələr, ABŞ rəsmilərinin iddia etdiyi kimi, İranın nüvə obyektlərinin yerlə bir edilmədiyini və nüvə fəaliyyətinin maksimum altı ay təxirə salına biləcəyini qeyd ediblər.

Hesabatda həmçinin, ABŞ hücumlarından öncə İranın zənginləşdirilmiş uran ehtiyatlarının böyük hissəsini daha təhlükəsiz, gizli nüvə obyektlərinə köçürmüş ola biləcəyi qeyd olunub.

Sözügedən kəşfiyyat qiymətləndirməsinin ilkin məlumatlar əsasında hazırlandığı və yeni məlumatlar gəldikcə dəyişə biləcəyi də vurğulanıb.

Nigar Hacılı 
"Cebheinfo.az"