Putin yeni müharibə hazırlığında: Son dərəcə təhlükəli vəziyyət

Putin yeni müharibə hazırlığında: Son dərəcə təhlükəli vəziyyət

Son 2 ildə dünya diqqətini əsasən Ukrayna cəbhəsindəki gərginliyə yönəltmişkən, Rusiya Şimali Avropa və Baltikyanı sərhədlərində səssiz, amma sistemli şəkildə hərbi hazırlıqlarını genişləndirir. 

Prezident Vladimir Putin Finlandiya və Baltikyanı ölkələr sərhədləri yaxınlığında hərbi mövcudluğunu artıraraq sakitcə NATO ilə münaqişəyə hazırlaşır. Qərb kəşfiyyatı və hərbi rəsmilərinin fikrincə, 2024-cü ilin əvvəlində yenidən yaradılmış Leninqrad Hərbi Dairəsi Şimali Atlantika Alyansı ilə qarşıdurma bazasına çevrilməlidir. Kreml orada hərbi obyektlər tikir, sərhədyanı ərazilərdə dəmiryol xətlərini modernləşdirir, hərbi xidmətə cəlb olunma və silah istehsalını genişləndirir.

“The Wall Street Journal” yazır ki, hakimiyyət hazırda genişlənən hərbi bazalarda yerləşdiriləcək on minlərlə hərbçini idarə etmək üçün bir neçə il ərzində Petrozavodskda yeni ordu qərargahı yaratmağı planlaşdırır. Qərb hərbi və kəşfiyyat mənbələrinin məlumatına görə, onların bir çoxunun Ukraynada tammiqyaslı müharibə başa çatdıqdan sonra ora köçürülməsi planlaşdırılır, kiçik briqadalar təxminən üç dəfə artacaq və 10 min nəfərlik diviziyalara çevriləcək. 

“Onlar nə qədər taktiki və ya əməliyyat müstəvisində yeniliklər yaratmağa çalışsalar da, ruslar üçün ölçü hər şeydən önəmlidir”,- deyə Finlandiyanın strategiyaya cavabdeh olan Baş Qərargah rəisinin müavini general-mayor Sami Nurmi bildirib. 

Səssiz işğala hazırlıq?

Moskvadakı Strategiyaların və Texnologiyaların Təhlili Mərkəzinin direktoru Ruslan Puxov deyir: 

“Son onilliyin məntiqi göstərir ki, biz NATO ilə hansısa konflikt gözləyirik. Finlandiya sərhədində hərbi mövcudluğun artması Kremlin belə bir münaqişəyə hazırlığının bir hissəsidir və qoşunlar Ukraynadan qayıdanda sərhədin o tayında düşmən hesab etdikləri ölkəyə baxacaqlar”.

Donald Tramp hesab edir ki, Rusiyanın Ukraynadan kənara çıxa biləcəyi qorxusu şişirdilib. Fevral ayında Volodimir Zelenskinin ABŞ-nin alyansa dəstəyi kəsəcəyi təqdirdə Rusiyanın NATO ilə müharibəyə başlaya biləcəyi xəbərdarlığı ilə bağlı suala Tramp belə cavab verib: “Mən bununla razı deyiləm”.
Öz növbəsində, NATO-nun şərq cinahında yerləşən ölkələr onunla razılaşmır. Finlandiya, Latviya, Estoniya, Litva, Polşa sərhədi möhkəmləndirir və yaxud buna hazırlaşır) hasarlar, tank əleyhinə maneələr və möhkəmləndirilmiş nöqtələr ucaldır. 2021-ci ildə Rusiya 40-a yaxın T-90M əsas döyüş tankı istehsal etdi, lakin indi onların illik istehsalı 300-ə yüksəlib. 

Finlandiyanın yüksək rütbəli hərbi rəsmisi hesab edir ki, onların Ukrayna cəbhəsinə demək olar ki, göndərilməməsi,  sonrakı istifadə üçün saxlanılması Putinin daha genişmiqyaslı qarşıdurmaya hazırlaşmasına sübutdur.

Yeni planda kimlər var?

Rusiyanın yenidən silahlanma planları NATO ilə sərhəddə yerləşdiriləcək yeni qoşunların ehtiyaclarını ödəmək üçündür. Əsasən Ukraynadakı müharibəyə göndərilən köhnə və təmir edilmiş sovet texnikası, yeni istehsal olunan texnika isə ilk növbədə yeni bölmələr üçün nəzərdə tutulub. Karnegi Berlin Mərkəzinin Rusiya və Avrasiya üzrə baş əməkdaşı Dara Massicot deyir ki, Ukrayna qüvvələri son illərdə nadir hallarda yeni rus texnikasını görüb və ya məhv edib.

Finlandiyanın OSINT təşkilatı “Black Bird Group” tərəfindən təhlil edilən 2022 və 2025-ci illərə aid peyk şəkillərinə əsasən, ölkə sərhədi yaxınlığında, Leninqrad vilayətinin Vıborqski rayonunun Kamenka kəndindəki hərbi bazada yeni kazarmalar yaranıb. Norveç və Finlandiya ilə sərhəddən bir neçə kilometr aralıda yerləşən Sputnik Şimal Donanmasının bazasında hərbi texnika üçün yeni anbarlar var. 

“Barents Observer” ixtisaslaşdırılmış hərbi nəşri xəbər verir ki, 2024-cü ilin oktyabrında müdafiə naziri Andrey Belousov Rusiya Hərbi Dəniz Qüvvələrinin və Şimal Donanmasının baş komandanları ilə birlikdə “Sputnik”-ə səfər edib. Rusiya Silahlı Qüvvələrinin planlarına görə, 2030-cu ilə qədər orada silah və hərbi texnika üçün bir neçə anbar, o cümlədən raketlər və artilleriya, yeni kazarmalar və yataqxanalar tikilməlidir ki, bu barədə Belousova məlumat verilib.

“Sputnik”-də yerləşən 61-ci dəniz piyada briqadası Ukraynaya qarşı müharibədə fəal iştirak edir. “Barents Observer” qeyd edir ki, Norveç kəşfiyyatının 2023-cü ilin əvvəlinə dair hesabatına görə, o, bir ildən az davam edən döyüşlər ərzində şəxsi heyətinin 80%-ni itirib.

Finlandiya və Norveçlə sərhədlər boyunca, eləcə də Sankt-Peterburqun cənubundan Estoniya ilə sərhədə qədər yeni dəmir yolu xətləri çəkilir. Ərazidə mövcud xətlər də genişləndirilir.

Danimarka kəşfiyyatı 2025-ci ilin fevralında xəbərdarlıq etmişdi ki, Rusiya beş il ərzində Avropada genişmiqyaslı müharibəyə başlaya bilər. WSJ Qərb hərbi rəsmilərinə istinadən yazır ki, Ukraynada atəşkəs ona daha da sürətlə hazırlaşmağa imkan verəcək. Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış qəzetə deyib:

“Bizim çox vaxtımız yoxdur. Güclü ittifaq, güclü komanda strukturu və yaxşı təchiz olunmuş ordu qurmalıyıq”.

Bütün bu proseslərin fonunda sual yaranır ki, Kreml hansı strateji məqsədlərlə hərəkət edir və yeni hərbi doktrinası hansı ssenarilərə əsaslanır? Rusiya yaxın illərdə Şimali Avropa və Baltikyanı regionda hansı dəyişikliklərə səbəb ola bilər? 

“Açıq-aşkar yalandır”

Mövzu ilə bağlı rusiyalı politoloq Darya Qrevsova "Cümhuriyət”-ə açıqlamasında bildirib ki, Avropa və Baltikyanı ölkələr məqsədli şəkildə KİV-də Rusiyanın onlarla sərhəddə hərbi varlığını artırdığına dair məlumatlar yayırlar. Onun sözlərinə görə, bu, onların Rusiya obrazını düşmən kimi təqdim etmək və bu bəhanə ilə daha çox silah almaq, silah istehsalını artırmaq, daha çox militarizasiya olunmaq məqsədinə xidmət edir.

"Hazırda onlar bu vəziyyətdən fəal şəkildə istifadə edirlər. İddia olunur ki, Rusiya Ukraynada dayanmayacaq və növbəti olaraq Baltikyanı ölkələrə hücum edəcək. Amma bu, onların maraqlarına uyğun olaraq uydurulmuş açıq-aşkar yalandır. Rusiya öz hərbi potensialını yalnız düşmən tərəfindən hücum olduğu halda işə salacaq. Yəni, əgər NATO ordusu Rusiyaya qarşı yürüş etsə, Rusiya buna cavab verəcək. Hazırda isə Rusiyanın nə Baltikyanı ölkələrə, nə də Avropaya qarşı çıxmaq istəyi, nə də bu istiqamətdə resursu var. Çünki bütün imkanlar Ukrayna cəbhəsində cəmləşib".

“Müharibənin  mümkünlüyünə işarə edə bilər...”

Politoloq qeyd edib ki, NATO-nun Baltikyanı və Şimali Avropa ölkələrində hərbi mövcudluğunu artırması, şübhəsiz ki, NATO ilə Rusiya arasında müharibənin tamamilə mümkün olduğuna işarə edə bilər:

“Əgər əvvəllər Avropa liderlərində Rusiya ilə qarşıdurmaya girmək qorxusu var idisə, indi kütləvi informasiya vasitələrindən də göründüyü kimi,  bu qorxu artıq müşahidə olunmur. Ona görə də bu gün onların məqsədli şəkildə münaqişəni qızışdırmaq, bu münaqişəni başlatmaq və Rusiyanın zəifliyindən istifadə etmək istəkləri tamamilə real görünür. Bu isə əlbəttə ki, son dərəcə təhlükəli vəziyyətdir, çünki belə bir müharibə genişmiqyaslı, hətta Üçüncü Dünya müharibəsi səviyyəsində ola bilər. Çünki NATO ölkələrinin kollektiv şəkildə döyüşəcəyi məlumdur. Nüvə silahına malik dövlətlərin qarşıdurması bütövlükdə dünya üçün çox təhlükəlidir.

Ona görə də belə bir müharibənin qarşısını almaq həm Rusiya, həm də ümumilikdə beynəlxalq təşkilatlar üçün əsas vəzifələrdən biridir. Amma Avropada “müharibə partiyası” adlandırıla biləcək qüvvələrin çox fəal şəkildə çalışdığını görürük. Bu qüvvələr heç bir vasitədən çəkinmədən yalan məlumatlar yayır, təbliğatdan istifadə edir, kəskin münaqişələr yaratmağa çalışır və sülh üçün hər hansı imkanlardan istifadə etməyə maraqlı görünmürlər. Təəssüf ki, bu da ciddi meyillərdən xəbər verir. Dünya xaosa yuvarlana bilər.

Rusiyaya isə bu şəraitdə yalnız bir yol qalır – öz hərbi potensialını gücləndirmək və NATO ölkələrinə, yəni indiki "hitlerçi koalisiyaya" qarşı durmağa qadir olduğunu göstərmək. Rusiya Avropa liderlərinin təsvir etdiyi qədər zəif deyil. Amma Avropada “müharibə partiyası”nın olması, onların kütləvi informasiya vasitələrindən təbliğat üçün istifadəsi və öz cəmiyyətlərində də düşmənçilik əhval-ruhiyyəsini artırmaları münaqişənin gerçəkdən alovlanaraq Üçüncü Dünya müharibəsinə çevrilməsi riskini daha da artırır”. 

Səbinə Uğur 
"Cebheinfo.az"