Müəllimlərin sertifikasiya imtahanı dəyişir?

Müəllimlərin sertifikasiya imtahanı dəyişir?

“Təklif olunan dəyişikliklərə əsasən, tibb işçilərinə şərait yaradılır ki, onlar öz sertifikat şəhadətnamələrini ya 5 ildən bir imtahan yolu ilə, ya da 5 il ərzində 250 kredit balı yığmaqla əldə etsinlər. 

Bu balı toplamaqla imtahandan azad olunurlar. Kredit balı hər il 50 bal olmaqla ümumilikdə 250 bal təşkil edir”. 

Bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev “Əhalinin sağlamlığının qorunması haqqında” qanunun təqdimatı zamanı bildirib: 

“Onların peşə bilik və bacarıqlarının qorunub saxlanılması, inkişaf etdirilməsi və peşə yararlılığının yoxlanılması məqsədilə alternativ DPİ mexanizmi tətbiq olunacaq. Sertifikasiya imtahanına alternativ olaraq təklif olunan davamlı peşəkar inkişaf dedikdə praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin Səhiyyə Nazirliyi tərəfindən akkreditasiya olunmuş elmi və tədris tədbirlərində iştirakı, o cümlədən elmi, pedaqoji və ya müstəqil davamlı peşəkar inkişaf fəaliyyəti vasitəsilə kredit vahidlərinin toplanmasıdır. 

Belə ki, sözügedən kreditləri toplayan şəxslər qüvvəsi 5 il olan sertifikasiya şəhadətnaməsi əldə edəcəklər. Elmi və tədris tədbirlərinin akkreditasiyası qaydası və DPİ-nin kredit ekvivalenti, bunun üçün lazım olan sənədlər və tələblər müəyyən olunaraq təsdiq ediləcək. Könüllü sınaq imtahanı istisna olmaqla sertifikasiya imtahanı ödənişsiz olacaq”. 

Qeyd edək ki, artıq bir neçə ildir müəllimlər də sertifikasiya imtahanı verirlər. Bu imtahanlardan uğurla keçənlərlə yanaşı, əmək fəaliyyətinə xitam verilənlər də var. Artıq tibb işçilərinin sertifikasiya imtahanı ilə bağlı sistemdə dəyişiklik ediləcək. 

Tibb işçilərinin sertifikasiyası ilə bağlı dəyişikliklər müəllimlərə də fərqli formada tətbiq oluna bilərmi? Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Cebheinfo.az”-a bildirib ki, həkimlər üçün tətbiq olunacaq davamlı peşəkar inkişaf və kredit toplama mexanizminin müəllimlərə də tətbiq olunması həm məntiqi, həm də beynəlxalq təcrübəyə əsaslanaraq mümkündür. Hətta təhsil sisteminin inkişafı üçün məqsədəuyğun hesab oluna bilər: 

“Dünyanın bir çox ölkəsində müəllimlərin peşəkar fəaliyyəti məhz davamlı inkişaf və akkreditasiya olunmuş təlimlərdə iştirak, elmi-metodiki tədbirlər və pedaqoji təcrübə ilə qiymətləndirilir. Məsələn, Avropa Birliyi ölkələrində, ABŞ-də, Sinqapur və Avstraliyada müəllimlərin sertifikasiyası, lisenziyanın yenilənməsi və karyera yüksəlişi üçün yalnız bir dəfə imtahan deyil, davamlı təlim proqramlarında iştirak, müəyyən kredit vahidlərinin toplanması tələb olunur. Bu, müəllimin yenilənən pedaqoji texnologiyaları, yeni fənn məzmununu və müasir təlim metodlarını mənimsəməsini stimullaşdırır”. 

Ekspert deyib ki, Azərbaycanda hazırda müəllimlərin sertifikasiyası əsasən test imtahanı və dərs dinləməsi mərhələləri ilə aparılır: “Lakin bu modelin çatışmazlıqları var: 

müəllimlərin bilik və bacarıqları yalnız bir imtahanla qiymətləndirilir, davamlı inkişaf prinsipi isə zəif təzahür edir. Müəllimlər üçün davamlı peşəkar inkişaf proqramının tətbiqi, akkreditasiya olunmuş kurslarda, treninqlərdə, elmi və metodiki tədbirlərdə iştirakla müəyyən sayda kredit toplamaqla sertifikasiya əldə etmə modeli həm təhsilin keyfiyyətini artırar, həm də müəllimin peşəsinə olan marağı və motivasiyasını yüksəldə bilər. 

Hazırda “Təhsil haqqında” Qanunun 24-cü maddəsində müəllimlərin peşəkar inkişafı dövlət siyasətinin əsas prinsiplərindən biri kimi göstərilir. “Təhsilverənlərin sertifikatlaşdırılması Qaydası”na görə, gələcəkdə davamlı peşəkar inkişaf proqramları və kredit sisteminin tətbiqi üçün hüquqi baza genişləndirilə bilər. Əgər bu qayda tətbiq olunsa, müəllimlər 5 il ərzində müəyyən sayda peşəkar inkişaf kreditləri toplayaraq, yenidən imtahan vermədən və ya əlavə yoxlama mərhələsi keçmədən sertifikasiya şəhadətnaməsini yeniləyə bilərlər. 

Bunun üçün ölkədə akkreditasiya olunmuş təlimlərin və elmi-metodiki tədbirlərin sayının artırılması, kreditlərin şəffaf və obyektiv hesablanması, regional və sahəvi fərqlərin nəzərə alınması, müəllimlərin motivasiyasının stimullaşdırılması kimi vacib addımlar atılmalıdır. 

Qeyd olunan sistem həm təhsil sahəsində daha çevik, yenilənə bilən və müasir tələblərə uyğun müəllim kadrlarının formalaşmasına şərait yaradacaq. Dünyada bu təcrübə artıq sınaqdan çıxıb və müəllim peşəsinin nüfuzunun, keyfiyyətinin və davamlı inkişafının əsas təminatlarından biri hesab olunur”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”