İmtahanla bağlı etiraza DİM-dən CAVAB

İmtahanla bağlı etiraza DİM-dən CAVAB

Dünən doktorantura və dissertantura səviyyəsində xarici dil fənni üzrə keçirilən qəbul və fəlsəfə doktoru imtahanında ciddi texniki problemlərin olduğu iddia edilib. 

Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanın dinləyib-anlama (listening) bölməsində səs sistemində yaranan nasazlıqlar iştirakçıların narazılığına səbəb olub. İddiaya görə, bir çox imtahan mərkəzində səsləndirilən monoloq və dialoqlar ya çox zəif eşidilib, ya da anlaşılmayıb. 

Bu isə abituriyentlərin tapşırıqları düzgün başa düşməsinə və cavablandırmasına ciddi maneə yaradıb. “Səsin keyfiyyəti çox aşağı idi, elə bil səs-küy içində birini dinləyirsən. 

Belə bir vəziyyətdə düzgün cavab vermək mümkün deyil”, – deyə imtahan iştirakçılarından biri bildirib. İştirakçılar test tapşırıqları və yazı blokunun da əvvəlki illərlə müqayisədə xeyli çətin olduğunu vurğulayıblar. 

Xüsusilə dildən istifadə və esse bölməsində təqdim olunan materialların yüksək səviyyədə dil bilikləri tələb etməsi iştirakçılarda narazılıq yaradıb. Qeyd edək ki, bu, ilk narazılıq deyil. Son bir neçə il ərzində keçirilən imtahanlarda da oxşar şikayətlər qeydə alınıb. 

İştirakçılar dinləmə blokunda səs sisteminin bərbad olması, bəzi mərkəzlərdə akustikanın zəifliyi, səsin bərabər paylanmaması və texniki heyətin hazırlıqsızlığı ilə bağlı dəfələrlə etiraz ediblər. Namizədlər hesab edirlər ki, texniki səbəblərdən imtahanda uğursuz nəticə göstərmək ədalətsizlikdir və bu vəziyyətə görə alternativ imkanlar yaradılmalıdır.

İyunun 22-də keçirilən imtahanda ümumilikdə 2 144 nəfər iştirak edib. 

Onlardan 1 797 nəfəri doktoranturaya qəbul, 344 nəfəri isə fəlsəfə doktoru imtahanı üzrə qeydiyyatdan keçib. İmtahanlar Bakı və Naxçıvan şəhərlərində təşkil olunub. İmtahan dörd blokdan ibarət olub: dinləyib-anlama, oxuyub-anlama, dildən istifadə və yazı. 

Namizədlər 1 saat 30 dəqiqə ərzində test tapşırıqlarını cavablandırıb, daha sonra 15 dəqiqəlik fasilədən sonra yazı blokunu yerinə yetiriblər. Danışıq bloku isə 1–4 iyul tarixlərində ayrıca keçiriləcək. İmtahanda maksimal bal 50-dir. Dinləmə, oxuma və leksik-qrammatik bölmələr üzrə suallar bir balla qiymətləndirilir. Yazı və danışıq bloklarının hər biri 10 ballıq sistemlə ölçülür. 

Qeyd edək ki, imtahandan narazı qalanlar Dövlət İmtahan Mərkəzindən nəticələrin ləğvini və yenidən imtahan keçirilməsini tələb edirlər. Bununla bağlı sosial şəbəkələrdə, whatsap qruplarında müzakirələr aparılır. Hətta etiraz aksiyasının keçiriləcəyi də bildirilir. Məsələ ilə bağlı Dövlət İmtahan Mərkəzindən “Cebheinfo.az”-ın sorğusuna cavab olaraq bildirilib ki, doktorantura üzrə keçirilən xarici dil imtahanlarının məqsədi beynəlxalq səviyyədə qəbul edilmiş dil bilikləri meyarlarına uyğun olaraq namizədlərin xarici dil bacarıqlarını ölçməkdir: 

“DİM tərəfindən keçirilən ingilis dili imtahanı CEFR (Common European Framework of Reference for Languages) standartlarına əsaslanaraq hazırlanır və bu tapşırıq materialları B2 və daha yuxarı səviyyədə dil biliyi tələb edir. Bu səviyyə, beynəlxalq dil biliyinin qiymətləndirilməsi sisteminə uyğun olaraq, ümumi dil bacarığı ilə yanaşı, akademik və elmi mətnləri başa düşmək və müəyyən elmi fəaliyyətlərdə dil bacarığını tətbiq etməyi hədəfləyir. 

Bu, sırf gündəlik dil istifadəsi yox, yüksək akademik tələblərə cavab verən bilik səviyyəsini nəzərdə tutur. İmtahanların beynəlxalq norma və prinsiplər əsasında keçirilməsi vacibdir və bu prinsiplərə uyğun olaraq, imtahanda təqdim edilən materiallar CEFR beynəlxalq dil səviyyələri çərçivəsində təhlil edilib və müvafiq olaraq tələb olunan səviyyəyə uyğunluğu təsdiq edilmişdir”. 

DİM esse mövzuları ilə bağlı səsləndirilən iradlara münasibət bildirərək qeyd edib ki, təqdim olunan mövzular xüsusi ixtisaslaşma və texniki bilik tələb etmir, gündəlik həyatla bağlı, müzakirəsi və işlənməsi asan mövzulardır: “Bu mövzular əsasən ümumi dünyagörüşü və arqumentasiya bacarıqlarını yoxlamağa yönəlib və dil səviyyəsini obyektiv qiymətləndirməyə xidmət edir”. 

Dinləmə blokundakı texniki problemlərlə bağlı narazılıqlara gəldikdə isə DİM iddiaların əsaslı olmadığını qeyd edib: 

“Dinləmə mətnləri ilə bağlı deyə bilərik ki, bu özü sizdən müəyyən bir bacarıq tələb edir. Mətni eşidib anlamaq üçün dinləmə qabiliyyəti inkişaf etdirilmiş olmalıdır. 

Bəzən iştirakçıların bu bacarığı lazımi səviyyədə olmur və onlar belə hesab edirlər ki, anlaşılmazlığın səbəbi səslə bağlıdır. Ancaq belə deyil, çünki səsləndirmədə hər hansı bir texniki problem olarsa, o yerindəcə həll edilir. Qurğuda səsi artırıb azaltmaq mümkündür. Hətta texniki nazaslıq aşkar olunarsa, o qurğu yenisi ilə əvəz olunur, həmçinin itirilmiş zaman nəzərə alınır və iştirakçılara əlavə vaxt da verilir. Bütün bunlar imtahan zamanı həll oluna bilən məsələlərdir”.

Nigar Abdullayeva 
“Cebheinfo.az”