“Ölülərin dirilməsi”: Yaxud Köçəryanı yenə kim dilləndirir?

Ermənistanın sabiq prezidenti Robert Köçəryan müxtəlif siyasi qüvvələrə birləşməyi təklif edib.
Konkret ad çəkməsə də, Köçəryanın açıqlaması onun təkbaşına siyasi səhnədə qalmaq potensialının tükənməsindən xəbər verir.
“Bəli, görürəm ki, konkret məqsəd ətrafında birləşmək olar”, - Robert Köçəryan Ermənistan Universitetinin tələbələri və müəllimləri ilə görüşündə belə deyib.
“Bu, bizim birləşmə deyərkən nəyi nəzərdə tutmağımızdan asılıdır. Əgər bununla bütün müxalifətçiləri toplayıb “hamı birlikdə” demək istəyiriksə, bu baş verməyəcək. Gəlin, özümüzü aldatmayaq. Bəli, görürəm ki, konkret məqsəd ətrafında birləşmək olar. Müəyyən taktiki razılaşmalar mümkündür. Ancaq bütün insanlar çox fərqlidir.
Burada yanaşmalar, qavrayış və şəxsi münasibətlər məsələsi var. Məncə, ümumi məqsəd güdmək, oyun qaydalarını müəyyən etmək, bir-biri ilə danışıqlar aparmaq realdır. Uğur qazananlar koalisiya yaradıb birgə işləməlidirlər. Bəli, bu, hər yerdə işləyən klassik bir modeldir. Yaxud, məsələn, əgər seçkilər zamanı ittifaqlar yaratsaq, bəli”, - deyə Köçəryan bildirib.
Eks-prezident əlavə edib ki, 15 və ya 20 birləşmədən ibarət ittifaq yaratmaq qeyri-realdır, nəticə verməyəcək və özünü aldatmağa dəyməz.
“Xoş arzular həmişə işlək düstur olmur”, - deyə Köçəryan bildirib.
Keçmiş dövlət başçısının birlik mesajı çox güman ki, 2026-cı ildə keçiriləcək parlament seçkilərinə hesablanıb. Çünki Köçəryan növbəti seçkilərdə qalib gəlmək şansının mümkünsüz olduğunu bilir.
Onun əsas siyasi və sosial bazasını təşkil edən “Qarabağ klanı” dağılıb. Kilsənin ötən il başlatdığı aksiyalar da nəticə verməyib. Son rəy sorğuları Köçəryanın siyasi reytinqinin 2 faiz civarında olduğunu göstərir.
Bu göstərici ilə eks-prezident və onun hazırkı parlamentdə təmsil olunan “Ermənistan” fraksiyası 5 faizlik barajı keçə bilməz. Sabiq prezident, Ermənistan Respublika Partiyasının sədri Serj Sarkisyanla da Robert Köçəryanın münasibətləri gərgindir.
Daşnaklardan başqa Köçəryanla vahid blokda təmsil olunmaq istəyən qüvvə hələ ki, yoxdur. Ona görə də eks-prezidentin açıqlaması seçkilərdə iştirak etmək istəyən digər siyasi təşkilatları öz ətrafında cəmləmək çağırışı kimi başa düşülə bilər.
Köçəryan bu birliyi ittifaq şəklində təsvir edir. Bunun qarşılığında Köçəryan onunla birgə addımlayanlara seçkilərdə qalib gələcəyi təqdirdə koalision hökumətdə yer vəd edir. Ancaq bu birliyin heç də asan olmadığını özü də etiraf edir.
Müşfiq Abdulla
“Cebheinfo.az”